Bank Of Baku

Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə ictimai dinləmələr keçirilib

Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə ictimai dinləmələr keçirilib
# 03 may 2007 15:53 (UTC +04:00)
Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə Azərbaycanda söz azadlığının durumu ilə bağlı ictimai dinləmələr keçirilib. APA-nın məlumatına görə, dinləmələrdə mətbuat nümayəndələri, siyasətçilər və hüquq müdafiəçiləri iştirak edib. Tədbiri açan hüquq müdafiəçisi Arzu Abdullayeva ölkədə mətbuata qarşı təzyiqlərin davam etdiyini, jurnalistlərin döyüldüyünü, həbs edildiyini təəssüflə qeyd edib və bildirib ki, bütün bunlar Ümumdünya Mətbuat Azadlığı Gününü bayram əhval-ruhiyyədə qeyd etməyə imkan vermir. “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu çıxışında bildirib ki, Azərbaycanda mətbuatın durumu çox ağırdır, bu səbəbdən həm iqtidar, həm də müxalifət vəziyyəti dərindən götür-qoy etməlidir. Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı isə çıxışında bildirib ki, Azərbaycanda diffamasiya haqqında qanun qəbul edilməli, mətbuatla bağlı problemlər barədə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilməlidir. “Gündəlik “Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu qeyd edib ki, mətbuatın vəziyyəti çətin olsa da, media nümayəndələri bu gün bayram əzmini itirməməlidir. AXCP sədri Əli Kərimli isə siyasi qüvvələri mətbuata qarşı təzyiqlərə etiraz əlaməti olaraq birgə aksiyalar keçirməyə çağırıb. O, hətta bununla bağlı razılaşdırılmamış kütləvi aksiyalarının keçirilməsini də mümkün sayıb. Müsavat Partiyasının başqanı İsa Qəmbər mətbuatın problemlərinin çox olduğunu bildirsə də, hamını optimist olmağa dəvət edib və bildirib ki, problemləri yoluna qoymaq mümkün olacaq. Tədbirin sonunda müraciət qəbul edilib. Müraciət müəllifləri hakimiyyəti mətbuat nümayəndələrinə qarşı zorakılıq hərəkətləri etmiş şəxslərlə bağlı təhqiqat aparmağa, onları cəzalandırmağa, jurnalistlərin həbsi və qəzetlərin cərimə olunması barədə qanunsuz qərar çıxarmış hakimləri məsuliyyətə cəlb etməyə, həbsdə olan jurnalistləri azad etməyə, mərhum Elmar Hüseynovun qatillərini taparaq məsuliyyət cəlb etməyə çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR