Bank Of Baku

“Şimal xəbərləri” qəzetinin baş redaktoruna hücum olub

“Şimal xəbərləri” qəzetinin baş redaktoruna hücum olub
# 07 may 2007 09:04 (UTC +04:00)
Mayın 6-da gecə saat 1:20 radələrində bir neçə gənc Xudat şəhərindəki köhnə avtovağzal adlanan ərazidə “Şimal xəbərləri” qəzetinin baş redaktoru Cəmil Məmmədlini döymək istəyib. Hadisə yerinə polislərin təsadüfən gəlməsi nəticəsində insidentin qarşısı alınıb və gənclər qaçıblar. Cəmil Məmmədli APA-nın şimal bürosuna açıqlamasında bildirib ki, hadisə o, Sahib adlı taksi sürücüsünün avtomobili ilə evə qayıdarkən baş verib. Belə ki, Bakı-Rostov magistral yolunda qəflətən “Jiquli” markalı avtomobil onların qarşısını kəsib. Maşından düşən gənclərdən biri Cəmildən Nabran yolunu soruşub və onu təhqir etməyə başlayıb. Mübahisədən az sonra hadisə yerinə içərisində bir neçə nəfər olan başqa “Jiquli” gəlib. Maşındakılar C. Məmmədlini döyməyə cəhd göstərərkən yoldan keçən polisləri görərək aradan çıxıblar. Baş redaktor gənclərdən ikisini tanıyıb. Onların Xudat şəhərindəki əhali arasında “Gülqızın restoranı” kimi tanınan obyektdə çalışdığı bildirilir. Hadisədən sonra C. Məmmədli Xudat polis bölməsinə ərizə ilə müraciət edib. Baş redaktorun sözlərinə görə, bu şəxslər əvvəllər də ona hücum etməyə cəhd göstəriblər, lakin müxtəlif səbəblərdən bu alınmayıb. C. Məmmədli insidentin baş vermə səbəblərini açıqlamasa da, bunun sifarişlə olduğunu da istisna etməyib.
Xudat polis bölməsinin növbətçi hissəsindən özünü növbətçi Məmmədov kimi təqdim edən polis əməkdaşı APA-nın şimal bürosuna C. Məmmədli tərəfindən ərizə daxil olduğunu və təhqiqat aparılacağını bildirib. Qeyd edək ki, C. Məmmədli “Şimal xəbərləri” qəzetinin baş redaktoru olmaqla yanaşı, həm də rayonda yaradılan “Qanun naminə” ictimai birliyinin təşəbbüs qrupunun sədridir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR