Bank Of Baku

“Gündəlik Azərbaycan” qəzetinin daha üç əməkdaşı MTN-də dindirilib

“Gündəlik Azərbaycan” qəzetinin daha üç əməkdaşı MTN-də dindirilib
# 05 iyul 2007 14:54 (UTC +04:00)
“Gündəlik Azərbaycan” qəzetinin üç əməkdaşı- redaktor Rüsvat Bayramov, jurnalistlər Natiq Cavadlı və Qabil Zimistanoğlu bu gün Milli Təhlükəsizlik Nazirliyində “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə irəli sürülən ittihamla bağlı şahid qismində dindiriliblər. R. Bayramov APA-ya açıqlamasında bildirib ki, o, əvvəlcə cinayət işi ilə bağlı istintaq qrupuna rəhbərlik edən Sərdar Carçıyevlə görüşüb, daha sonra müstəntiq Samir Əliyevin suallarını cavablandırıb: “Mənə redaksiyada yaradıcılıq atmosferi, qəzetin satışı, Eynulla Fətullayevlə bağlı suallar verdilər”.
Natiq Cavadlı da APA-ya bildirib ki, ona “Gündəlik Azərbaycan” qəzetində çalışan zaman nə qədər maaş alması, Eynulla Fətullayevin yazılarını hansı təxəllüslərlə yazması barədə suallar verilib. Qabil Zimistanoğlu APA-ya açıqlamasında ona müstəntiq tərəfindən əsasən maliyyə məsələləri barədə suallar verildiyini deyib. Onun sözlərinə görə, qəzetin bütün əməkdaşları şahid qismində ifadə vermək üçün MTN-nə dəvət ediləcəklər.
İndiyə qədər “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu, redaktorlar Üzeyir Cəfərov, Xalid Kazımlı, “Realnıy Azərbaycan” qəzetinin əməkdaşları Çingiz Sultansoy və Rauf Kərimov da MTN-də ifadə veriblər.
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin kollektivi qəzetin üzləşdiyi vəziyyət, mətbuat orqanlarının təsisçisi və baş redaktoru Eynulla Fətullayevin həbsi ilə bağlı Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene van der Lindenə müraciət hazırlayır. “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov APA-ya bildirib ki, müraciətdə AŞ PA prezidentindən qeyd edilən məsələlərin diqqət mərkəzində saxlanılması və ölkə rəhbərliyi ilə görüşlərində E. Fətullayevin azadlığa buraxılması barədə məsələ qaldırılması xahiş ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR