Bank Of Baku

ABŞ-da səfərdə olan Azərbaycanın bir qrup KİV rəhbəri görüşlər keçirirlər

ABŞ-da səfərdə olan Azərbaycanın bir qrup KİV rəhbəri görüşlər keçirirlər
# 10 iyul 2007 12:25 (UTC +04:00)
Dünən ABŞ-da səfərdə olan Azərbaycanın bir qrup KİV rəhbəri ilə səfəri təşkil edən Meridian Beynəlxalq Mərkəzində görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə Dövlət Departamentinin Təhsil və Mədəniyyət məsələləri bürosunun proqram məmuru, xanım Naomi Feygenbaun iştirak edib. O, Azərbaycanın onlar üçün maraqlı ölkə olduğunu, burda mətbuatın durumu və medianın problemləri ilə tanış olmaq istədiklərini söyləyib. N. Feygenbaun, eyni zamanda, səfərin digər məqsədinin təcrübə mübadiləsi aparmaq olduğunu deyib. Sonra Azərbaycan nümayəndə həyəti Narahat Jurnalistlər Komitəsinin direktoru, cənab Uoltər Deanla görüşüb. Bu görüşdə isə ABŞ mətbuatının vəsiyyəti haqqında ümumi məlumat verilib. Bildirilib ki, hazırda bütün dünyada olduğu kimi, ABŞ-da da “print-media”nın vəsiyyəti ağırdır. Bələ ki, artıq İnternetin sürətli inkişafı yazılı medianın tirajını aşağı salır. Məruzəçi qeyd edib ki, ABŞ-ın ən böyük qəzetləri “Washington-Post”, “Washington-times” və “Nyu-York-times” də belə bu problemlə üzləşib. O, qəzetlərin ciddi maliyyə sıxıntılarından qurtarmaq üçün dəfələrlə işçiləri ixtisar etdiklərini, tirajı, xəbərlərin məzmununu və sayını azaltdıqlarını, əhatə dairələrini kiçiltdiklərini bildirib: “İxtisarlar qəzetlərin fəaliyyətinə, keyfiyyətinə və araşdırma yazıların bolluğuna xələl gətirib. Eyni zamanda qəzetlərdə bir həvəssizlik hiss olunur. Onlar yalnız lokal ərazini əhatə edən xəbərlər verməyə çalışır, mükəmməl araşdırmalara can atmırlar. Qısası, bu gün ABŞ-da mətbuat böhran yaşayır”. U. Dean bildirib ki, son 50 il ərzində ABŞ-da qəzetlərin tirajı 50 faiz düşüb. 2006-cı ildən bu günə qədər isə gəlir 8.5 faiz azalıb. Mənfəətin hər il 1-2 faiz azalması müşahidə olunur ki, bunu dayandırmaq hələlik mümkün olmayıb. O bildirib ki, İnternet və elektron KİV-in artması reklam bazarına da ciddi təsir göstərib. Bununla belə, məruzəçi ABŞ-da web-səhifələrin reklam qiymətinin çox aşağı və uğursuz olduğunu vurğulayıb. Reklam sahəsində hələ də “print-mədia” öz populyarlığını saxlayır. U. Dean vurğulayıb ki, hazırda ABŞ-da qəzetlərin satışdan gələn gəliri onların xərclərinin yalnız 15-20 faizini təşkil edə bilir. Digər xərcləri isə böyük əksəriyyəti qəzetlərin sahibləri olan böyük korporasiyalar və ya biznesmenlər ödəyirlər. Hazırda yeni variantlar üzərində düşünüldüyünü deyən mütəxəssis artıq qəzetlərdə ixtisar üçün imkan olmadığından yeni modellər barədə fikirləşdiklərini diqqətə çatdırıb. Onun proqnozuna görə, qarşıdakı 5 ildə bu vəziyyətdən mütləq çıxış yolu tapılmalıdır.
Qeyd edək ki, bu gün Azərbaycan nümayəndə heyətinin Amerika Mətbuat İnstitutunun direktoru, cənab Endru Devis, xüsusi proqramlar direktoru, cənab Stiv Battri və həmdirektor, xanım Meri Qliklə görüşləri gözlənilir. KİV rəhbərləri, həmçinin, Politika İnstitutunda olacaq, Washinqton.com saytının iş prinsipi və rəhbərliyi ilə tanış olacaq, saytın idarə edilməsi və menecmenti ilə maraqlanacaqlar. Səfərdə iştirak edən Azərbaycan nümayəndə heyətinə APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Day.az” internet portalının baş redaktoru Elnur Baimov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu və “Yeni Zaman” qəzetinin baş redaktoru Şakir Habiloğlu daxildir./APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR