Elmar Hüseynovun ad günü münasibətilə dərc olunmuş “Poka qorit sveça” kitabının təqdimat mərasimi keçirilib

Elmar Hüseynovun ad günü münasibətilə dərc olunmuş “Poka qorit sveça” kitabının təqdimat mərasimi keçirilib
# 17 iyul 2007 14:04 (UTC +04:00)
“Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun ad günü münasibəti ilə bu gün “Poka Qorit Sveça” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, E. Hüseynovun 2000-2002-ci illərdəki yazılardan ibarət olan kitabda müəllifin müxtəlif məqalələri toplanıb. “Qanun” jurnalının baş redauktoru Şahbaz Xudoğlu E. Hüseynovun qətlindən 2 il keçdiyini, lakin onun qatillərinin hələ də tapılmadığını vurğulayıb. Bu istiqamətdə istintaq işinin getmədiyini deyən natiqin sözlərinə görə, qətlin baş verdiyi ilk vaxtlarda iş düzgün istiqamətlənməyib: “Amma sonradan istiqamət dəyişdi və proses tamamilə dayandı”. ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik E. Hüseynovla heç vaxt görüşmədiyini, lakin özünü ona yaxın şəxs hesab etdiyini bildirib. Onun sözlərinə görə, jurnalistlərin fəaliyyəti korrupsiyanın ifşa olunmasında, cəmiyyətin demokratikləşməsində mühüm rol oynayır: “ABŞ hökuməti azad sözün müdafiəsində jurnalistlərə dəstəyini davam etdirəcək”. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid hesab edir ki, Gürcüstan hökuməti qətlin kimlər tərəfindən törədilməsindən xəbərdardır, lakin hansısa maraqları nəzərə alaraq bunu gizlədir. Norveçin Azərbaycandakı səfiri Yon Ramberq E. Hüseynovun səfirliklə əlaqələrinin olduğunu deyib. Onun sözlərinə görə, jurnalisti qətlə yetirənlər lənətlənməlidir: “Hər il dünyada onlarla jurnalistlər qətlə yetirilir. Bu, cəmiyyətin özü üçün faciədir. Bu qətllərdən yaxa qurtarmaq üçün qatilləri tapıb ədalətli şəkildə məhkum etmək lazımdır”. Tədbirdə digər qəzetlərin baş redaktorları da çıxışlar ediblər. Kitabın təqdimatından sonra toplantı iştirakçıları E. Hüseynovun məzarını ziyarət ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR