Bank Of Baku

Azərbaycanın KİV rəhbərləri Hyustonda görüşlər keçiriblər

Azərbaycanın KİV rəhbərləri Hyustonda görüşlər keçiriblər
# 24 iyul 2007 03:28 (UTC +04:00)
APA-nın məlumatına görə, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova ilə görüşdə ABŞ-da Azərbaycan diasporasının vəziyyəti və görülən işlərlə bağlı müzakirələr aparılıb. İ. Axundova Hyustonda Nizami Gəncəvinin büstünün ucaldılması ilə bağlı layihə üzərində işlədiklərini, assosiasiyanın bütün milli bayramları qeyd etdiyini, digər icmalarla əlaqələr yaratdığını söyləyib. O, Heydər Əliyev Fondu, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, həmçinin Hyuston meriyasından dəstək aldıqlarını da qeyd edib. Assosiasiya prezidenti Hyustonda 100-150 azərbaycanlı ailənin yaşadığını, həmçinin Cənubi Azərbaycandan olanların, Bakıdan köçmüş yəhudilərin və digərlərinin də icmada təmsil olunduqlarını söyləyib. İ. Axundova türk diasporu ilə əlaqələrinin sıx olduğunu da qeyd edib.
Daha sonra nümayəndə heyəti “Hyuston Chronicle” qəzetində olub. Nümayəndə heyətinə qəzetin gündəlik tirajının 550 min, həftəsonu isə 700 min 1 milyon nüsxə olması barədə məlumat verilib. Bu nəşr tirajına görə, ABŞ-ın səkkizinci qəzetidir. Regional qəzet kimi xarakterizə olunan bu nəşr
mərkəzçi və liberal dəyərlərə sadiqdir. Ötən seçkilərdə hazırkı prezident Corc Buşu dəstəkləyən qəzet bu seçkilər üçün namizədini hələ müəyyənləşdirməyib.
Nümayəndə heyəti daha sonra ingilis və urdu dillərində nəşr olunan “Pakistan Chronicle” qəzetində olub. Qəzet həftəlik çap olunub, pulsuz paylanılır. Əsasən məscid, restoran, icma üzvləri arasında paylanan qəzet daha çox Cənubi Asiyadan olanlar və Amerikadakı müsəlmanlar üçün nəzərdə tutulub. Qəzetdə siyasi, sosial xəbərlərlə yanaşı din bölməsi də əksini tapıb. Qəzetin ingilis dili versiyası 24 min, urdu dili versiysı isə 40 min tirajla çap olunur.
Azərbaycanın KİV rəhbərlərinin ABŞ-a səfəri davam edir. Sabah nümayəndə heyəti Hyustondakı Polis Akademiyasında və “The Houston Press” qəzetində olacaq.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Day.az” internet portalının baş redaktoru Elnur Baimov, “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu və “Yeni Zaman” qəzetinin baş redaktoru Şakir Habiloğlu daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR