Bank Of Baku

“Azərbaycan” qəzeti: “Bu gün vəhhabilər sərbəst fəaliyyət üçün özünü "İslam cəfakeşi" adlandıran ruhani ictimaiyyəti ilə razılaşma imzalayıblar”

“Azərbaycan” qəzeti: “Bu gün vəhhabilər sərbəst fəaliyyət üçün özünü "İslam cəfakeşi" adlandıran ruhani ictimaiyyəti ilə razılaşma imzalayıblar”
# 04 oktyabr 2007 11:11 (UTC +04:00)
“Azərbaycan” qəzeti İslam dininə olan real təhlükələrlə bağlı araşdırma yazısında Qafqaz Müsəlmanları İdarəsini və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini vəhhabiliyin yayılmasına sakit yanaşmalarına görə ciddi tənqid edib. Yazıda vəhhabiliyin İslama və dövlətçiliyə qarşı ciddi təhlükə olduğu vurğulanıb. “...Problemin kökü şübhəsiz ki, dini maarifçiliyin bərbad durumundan başladı... Böyük büdcəyə malik və ətrafına çoxlu gəncləri şirnikləndirərək yığmağa nail olan bu missionerlərin ölkəmizdə dini təfriqə yaratmağa cəhd göstərməsinin əsas səbəbi də bu gün ölkə ruhanilərinin böyük qisminin, əslində, islama ləkə gətirən əxlaq və mənəviyyata sahib olmaları, eyni zamanda onların dini biliklərinin 100 il öncə Mirzə Cəlilin hədəfi olan mollaların “savadlarından” uzağa getməməsidir. Bu gün din xadimlərinin savadsız və səbatsız fəaliyyəti nəticəsində həqiqi İslam və islami dəyərlər xalqa çatdırılmamış, din qeyri- peşəkar səviyyədə, xurafat formasında təbliğ olunmuşdur”. Ruhanilərin xalqı İslama yaxınlaşmaqda deyil, həqiqi islamdan uzaqlaşdırmağa xidmət etdiklərinin vurğulandığı yazıda “belə cəhalət tör-töküntülərinin” sayəsində ölkədə vəhhabiliyin yayıldığı qeyd olunur. ”... Mənəviyyatımıza, dini dəyərlərimizə və dövlətçiliyimizə qarşı yönələn vəhhabilik artıq ölkəmizdə real təhlükə mənbəyi kimi qəbul edilməlidir... Dünənədək metroda, avtobusda qarşılaşdığımız məlum görkəmlilər artıq "CİP"lərdə, "Mercedes"lərdə şütüyürlər. Onların maddi durumları durmadan yüksəlir, bu, həm sponsorların yardımları, həm də onların yerli biznesdəki mövqelərinin güclənməsi nəticəsində formalaşır. Bakının mərkəzində, ətraf məntəqələrdə yüzlərlə mağazaya sahib olan təriqət təmsilçiləri, şübhəsiz ki, vahid şəbəkədən idarə və himayə olunurlar. Əsasən əyalətdən gələn gəncləri öz ətrafına toplamağa çalışan qrup rəhbərləri onları dərhal işlə məskunlaşma yerləri ilə təmin edir. Maraqlı məqam odur ki, yeni qoşulan gənclər üçün sponsorlar 5-6 nəfərlik kirayə ev də tuturlar. Belə olduqda, gənclər qarşılıqlı nəzarət altında olurlar və "yad" təsirlərə düşməyərək yalnız vəhhabiliyin "dərinliklərinə" baş vurmaqla vaxt keçirirlər”. Yazıda bu problem qarşısında susqunluq nümayiş etdirən dövlət qurumu və dini idarə də tənqid olunur: “Azərbaycanda həqiqi İslama qarşı mənfur mübarizə aparan belə təriqətlərin qarşısında acizanə susqunluq nümayiş etdirən din xadimlərinin laqeyd mövqeyini heç cür əsaslandırmaq olmaz! Bu, dövlətə, dinə qarşı xəyanətdir! Sanki bu gün sərbəst fəaliyyət üçün vəhhabilər özünü "İslam cəfakeşi" adlandıran ruhani ictimaiyyəti ilə razılaşma imzalayıblar. Ölkə ictimaiyyətini, dindarları vəhhabilik bəlasına qarşı mənəvi səfərbər etmək əvəzinə Qafqaz Müsəlmanları İdarəsi passiv müşahidəçiliyini müəmmalı tərzdə davam etdirir. Çox maraqlıdır, 6 il öncə hörmətli şeyximiz barəsində bir qəzetdə lətifə getdiyinə görə qeyzlənərək bütün rayonlarda mitinq keçirmək istəyən Dağıstandan Lənkərana, Gədəbəydən Bakıya qədər minlərlə mömin indi İslamın təhqir olunmasına qarşı niyə fəal etirazını təkrarlamır?!
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin arxayınlığı, bu problemə biganə münasibət isə həqiqətən də təəssüfedicidir. İndiyədək bu qurum dini təbliğat və dini fəaliyyətlə bağlı çoxsaylı konfranslar, seminarlar keçirsə də, onlar ümumi xarakterli olmuş, bu sahədəki problemlər və bu problemləri yaradanlar barədə ictimai müzakirələr təşkil edilməmişdir. Gənclərin zərərli təriqətlərin təsirindən uzaqlaşması üçün komitənin hələ də mükəmməl tədbirirlər planı, bəlkə də heç niyyəti də yoxdur. Azərbaycanı və İslamı təhdid edən vəhhabiliyə qarşı mübarizənin başında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi vaxtında dayansaydı, bu gün məlum problemləri yaşamazdıq!
Bir faktı da xatırladaq: Azərbaycanda İslamın istinad mərkəzi sayılan və Qafqaz Müsəlmanları İdarəsinin də yerləşdiyi "Təzə Pir" məscidi vəhhabi cərəyanına bağlı şəxslərin dini dükanları, tədris mərkəzləri ilə dövrələnib. Elə yalnız bu fakt Azərbaycanda vəhhabiliyin real durumunu tam mənada izah edir!”
“Xalq” qəzetində müxalifətin tənqidinə həsr olunan böyük bir yazı yerləşdirilib. Məqalədə 1992-ci ildən üzü bəri baş verən hadisələr, dövlət çevrilişləri, və digər mühüm hadisələr, müxalifətin yarıtmaz fəaliyyəti qeyd olunub.
“Respublika” qəzetində Qazaxıstan-Azərbaycan münasibətlərinə həsr olunmuş yazı dərc olunub. İki ölkə arasında əlaqələrin yüksək səviyyəsi və perspektivləri qeyd olunub.
“Yeni Müsavat” qəzeti Fərhad Əliyevin məhkəməsinə geniş yer ayırıb. Qəzet F. Əliyevin hazırda həbsdə olan müşaviri İsmayıl Məsimovun ifadəsini də dərc edib. O ifadəsində deyir: “Məhkəmə istintaqı demokratik, açıq şəraitdə keçirdiyinə görə təşəkkür edirəm. Dövlət ittihamçısına da barəmdə şərti cəza tələb etdiyinə görə, təşəkkürümü bildirirəm. Hələ ibtidai istintaq dövründə baş prokuror Zakir Qaralova, YAP sədrinin müavini Əli Əhmədova və milli təhlükəsizlik naziri Eldar Mahmudova yazdığım məktublara baxdıqlarına görə təşəkkür edirəm. Mən 2 il qapalı şəraitdə qalmağıma baxmayaraq, Heydər Əliyevə məhəbbətim daha da artıb. Mən özümü ali baş komandan İlham Əliyevin sıravi əsgəri hesab edirəm”.
Qəzetdə həmçinin Hərbi Ombudsman institutunun yaradılması zərurəti ilə bağlı yazı dərc olunub.
“Azadlıq” qəzeti Vəfa Quluzadənin Rusiya prezidenti Vladimir Putinin növbəti seçkilərdən sonra da hakimiyyətini pərdə arxasında davam etdirəcəyi ilə bağlı proqnozlarına yer verib. Politoloq gələcək prezidentin simvolik olacağı, əslində idarəetmənin Putində qalacağı qənaətini bölüşüb. Qəzet eyni zamanda, “Əlifba” dərsliyinin məktəblərdən yığışdırılması ilə bağlı özəl mənbələrinə istinadən yazı yazıb.
“Bakı Xəbər” qəzeti “Seçki boykotunun hədəfi Azərbaycandır” yazısında bütün siyasi qüvvələr seçim qarşısında dayandığını yazıb. Yazıda 2008-ci il prezident seçkiləri ilə bağlı hələ gündəlikdən düşməmiş boykot taktikasının necə rol oynaya biləcəyi sualına cavab axtarılır: “İqtidar bütün hallarda müxalifətin boykotunda yox, seçkiyə qatılmasında maraqlıdır. Tək ona görə yox ki, bu, seçkiyə demokratik görüntü verir. Həm də daha çox ona görə ki, iqtidar qalib gəlmək üçün öz namizədinin resurslarının böyük olduğunu yaxşı başa düşür. Boykot və bir neçə müxalif qüvvənin seçkiyə qatılmaması iqtidar üçün öz təsirini yalnız seçkidən sonra beynəlxalq təşkilatların qısamüddətli reaksiyalarında göstərə bilər. Ötən təcrübəni yada salsaq, bu da çox tez ötüşən təzahürdür .”
“Gün Səhər” qəzeti AXCP, Müsavat və ALP rəhbərlərinin ABŞ Dövlət Departamentinin nümayəndələri ilə bu ölkənin səfirliyində görüş keçirmələri ilə bağlı məlumat yayıb. Görüşdə iştirak edən İsa Qəmbər və Əli Kərimli bunu təsdiqləsələr də, Əvəz Temirxan təkzib edib. Elə həmin qəzet Milli Birlik hərəkatının lideri Lalə Şövkətin Bakını tərk edərək, Qubanın dağ kəndlərindən birində məskunlaşması barədə xəbər yayıb.
“Ekspress” qəzetində isə qədim binaların restavrasiya olunması məqsədilə üzlük daşların yonulması nəticəsində keyfiyyətin itməsi ilə bağlı araşdırma yazı dərc edib. Yazıda tikinti mütəxəssisləri belə halların tikintinin təhlükəsizliyi baxımından zərərli olduğunu qeyd ediblər. Qəzetin “Dərbənd əldən gedir” yazısı isə qədim Azərbaycanın tarixi şəhəri olan Dərbənddən reportajdır: “... Dərbənd indi Dağıstanda avar, ləzgi, dargin millətçilərinin qarşısına sipər kimi sinə gərən qaladır. Əskilərdə türk ulusunun Dəmir Qapı Dərbəndi olan şəhər, indi “Şeyx Şamil” “Sadval”, “Tenglik” kimi separatçı hərəkatların başlıca hədəfidir. Onlar “burda bir azərbaycanlı da qalmamalıdır” taktikasını seçiblər”.
“525-ci qəzet” isə ABŞ Konqresində ”erməni qətnaməsi”nin müzakirə olunacağını yazıb. Məlumata görə, bu il oktyabrın 10-da 1915-ci il olaylarını “erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsi Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılacaq. Qəzetdə, eyni zamanda millət vəkili Fazil Qəzənfəroğlu hicab tərəfdarı kimi çıxış edib və “Dini etiqad azadlığı haqqında” qanuna yenidən baxılmasını təklif edib.
“Zerkalo” qəzetində Gürcüstanda olan əməkdaş bu ölkənin ermənilərin kompakt yaşadıqları Samsxa-Cavaxetiya regionundan reportaj hazırlayıb. Reportajda ermənilər Gürcüstan hökumətinin onların yaşayışına etinasız münasibətindən ciddi narazılıq ediblər. Ermənilərin “Cavaxk” xalq hərəkatının lideri Manvel Saqatelyan onların etirazlarına müsbət reaksiya verilməyəcəyi halda, bunun Tiflis-Yerevan münasibətlərində ciddi problemlər yaradacağını bildirir. O eyni zamanda tələblərinin sosial xarakterli olduğunu da diqqətə çatdırır. Saqatelyan bölgənin ermənidilli məktəbləri və erməni dilinin sıxışdırılmasına etiraz mitinqləri keçirə biləcəkləri ilə bağlı xəbərdarlıq edir.
“Exo” qəzeti əhalini Sovet banklarında yığılıb qalan və indiyədək qaytarılmayan vəsaitləri ilə bağlı material hazırlayıb. Vaxtaşırı, xüsusilə də seçki ərəfələrində bu məsələ qaldırılsa da, son nəticədə problemin həllini tapmamasına bəzi millət vəkillərinin və ekspertlərin rəyi öyrənilib, nflyasiya və qiymət artımının bu məsələyə təsirini də araşdırıb. Millət vəkili, parlamentin İqtisadi siyasət daimi komissiyasının üzvü Əli Məsimov 2008-ci ilin dövlət büdcəsində əmanətlərin qaytarılmasına başlanmasını nəzərdə tutan müddəanın olmasının tərəfdarı kimi çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR