Azərbaycanın sığorta-pensiya sistemində İKT-nin tətbiqi üzrə uğurlu təcrübəsi Beynəlxalq Konfransda təqdim edilib

Azərbaycanın sığorta-pensiya sistemində İKT-nin tətbiqi üzrə uğurlu təcrübəsi Beynəlxalq Konfransda təqdim edilib
# 14 sentyabr 2015 07:16 (UTC +04:00)

Bakı - APA-Economics. Bu günlərdə Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Qazaxıstanın Səhiyyə və Sosial İnkişaf Nazirliyi və Dövlət Sosial Təminat Fondu ilə birgə təşkilatçılığı ilə Astana şəhərində "Sosial sığortada informasiya kommunikasiya texnologiyaları" üzrə 14-cü Beynəlxalq Konfrans keçirilib. Konfransda 50 ölkədən 75 təşkilatı təmsil edən 300-ə yaxın rəhbər işçi, informasiya texnologiyaları üzrə menecer və ekspertlər, eləcə də BSTA rəhbərliyi və katibliyi geniş tərkibdə iştirak edib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, tədbirin ilk günündə DSMF-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev "İKT-nin tətbiqi ilə sığorta-pensiya sisteminin effektiv idarə edilməsi: Azərbaycan Respublikasının təcrübəsi" mövzusunda təqdimat edib. Təqdimat iştirakçılar arasında böyük maraq yaradıb və qaldırılan suallar ətrafında müzakirələr aparılıb. Eyni zamanda, konfransın gedişi zamanı bir sıra ölkələrin sığorta-pensiya qurumlarının nümayəndələri ilə ikitərəfli müzakirələr aparılıb.

Üç gün davam edən Konfransda sosial müdafiə sahəsində informasiya kommunikasiya texnologiyaları həllərinin hədəfləri və prinsipləri, eləcə də siyasi və strateji perspektivləri, İKT sənayesinin inkişaf istiqamətləri, irimiqyaslı proqram-texniki sistemlərin tətbiqi üzrə cari təcrübələr və təkrar tətbiq oluna bilən standart yanaşmaların reallaşdırılması üçün baza texnologiyalara dair təqdimatlar edilib və geniş müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR