İsraildə səfərdə olan azərbaycanlı jurnalistlər ölkənin şimalında yerləşən, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Akko şəhərinə səfər ediblər.
APA-nın İsrailə ezam edilmiş müxbiri xəbər verir ki, səfər çərçivəsində jurnalistlər Akko şəhərində fəaliyyət göstərən Dağ Yəhudiləri İrsinin Koordinasiya Mərkəzində İsrail-Azərbaycan icmasının nümayəndələri ilə görüşüblər.
Görüşdə iştirak edən Akko şəhərinin meri Ohad Seqev Azərbaycanla İsrail arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.
Görüş zamanı şəhər meri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı onun Akko şəhərində yaşayan qardaşı Rantik Aqarunova təqdim edib.
Sertifikatda Albert Aqarunovun xatirəsinin cəsarət, xalqlar arasında qardaşlıq, tolerantlıq və qarşılıqlı hörmətin simvolu olaraq yaşadığı vurğulanır.
Akko şəhərində Azərbaycan əsilli Dağ Yəhudiləri icmasının rəhbəri Şirin Mixayeli Albert Aqarunovun xatirəsini yad etmək üçün Akkoda və Bakıda tədbirlərin planlaşdırıldığını bildirib.
Mixayeli Azərbaycanla bağlılığın icma üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan dilində danışmaq, Azərbaycan mədəniyyətini və ənənələrini yaşatmaq onların kimliyinin mühüm hissəsidir.
“Biz yəhudiyik, adımız yəhudidir. Amma Azərbaycan xalqının içində doğulmuşuq. Azərbaycan xalqının sivilizasiyası və mədəniyyəti bizimlə birlikdə İsrailə gəlib”, – o deyib.
İcma rəhbəri Azərbaycan-İsrail münasibətlərinə də toxunub, iki ölkə arasında strateji dostluq və qardaşlıq əlaqələrinin onlar üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, həmçinin, İsrailin siyasi həyatında Azərbaycan icmasının rolundan danışıb, ölkənin siyasi və diplomatik proseslərini yaxından izlədiklərini və müxtəlif siyasi dairələrlə əlaqələr saxladıqlarını deyib.
“Biz İsrail siyasətini də, İsrail diplomatiyasını da bilirik. Onlarla necə danışmağı bilirik. Azərbaycanı İsraildə layiqincə təmsil edirik”, – Şirin Mixayeli əlavə edib.
Görüş zamanı azərbaycanlı jurnalistlər İsraildə yaşayan Dağ Yəhudilərinin tarixi, Azərbaycanla əlaqələri və icmanın ölkənin ictimai-siyasi həyatında iştirakı barədə məlumat alıblar.