Azərbaycan media nümayəndələri Özbəkistan Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Media üçün Kontent Hazırlama Mərkəzində olublar.
APA-nın Özbəkistana ezam olunmuş müxbiri xəbər verir ki, azərbaycanlı jurnalistlərə Mərkəzin fəaliyyəti və əsas iş istiqamətləri barədə məlumat verilib.
Bildirilib ki, Mərkəzdə media, sosial şəbəkələr və müxtəlif rəqəmsal platformalar üçün kontent hazırlanır, media sahəsinin inkişafına yönəlmiş dövlət layihələri həyata keçirilir.
Eyni zamanda, Mərkəzin jurnalistlərin peşəkar bacarıqlarının artırılması, müasir media alətlərindən istifadənin genişləndirilməsi və Özbəkistanın beynəlxalq informasiya məkanında tanıdılması istiqamətində fəaliyyəti barədə danışılıb.
Təqdimat zamanı Mərkəzin həyata keçirdiyi “Media Start”, “Debyut” və “Fikrlab” təşəbbüsləri, həmçinin “Aura.uz” platforması barədə məlumat verilib.
Azərbaycanlı media nümayəndələrinə, həmçinin mobil jurnalistika, sosial media marketinqi (SMM) və müasir rəqəmsal kommunikasiyalar üzrə həyata keçirilən təhsil proqramları təqdim olunub.
Bildirilib ki, Mərkəz media sahəsində yeni kadrların hazırlanması, jurnalistlərin müasir rəqəmsal bacarıqlarının artırılması və yeni media formatlarının inkişaf etdirilməsi istiqamətində layihələr həyata keçirir.
Təqdimat zamanı Mərkəzin aparıcı xarici tərəfdaşlarla birgə reallaşdırdığı beynəlxalq layihələr barədə də məlumat verilib və Özbəkistanda media sahəsi üçün ilk dəfə böyük bir tədbirin — “Tashkent Content Market” keçirələcəyi qeyd olunub.
Azərbaycan media nümayəndələri Mərkəzdə kontentin hazırlanması prosesi və yaradılan iş şəraiti ilə də tanış olublar.
"Mərkəzimiz hazırda media məzmununun hazırlanmasına və dəstəklənməsinə xidmət edir. Biz media sahəsini mümkün qədər tənzimləməyə deyil, əksinə, onu stimullaşdırmağa və dəstəkləməyə çalışırıq. Dövlət başçımızdan aldığımız tapşırıq da məhz budur — media sektorunu maliyyə, təşkilati və digər istiqamətlərdə stimullaşdırmaq və ona dəstək vermək", - mərkəzin direktor müavini Cahangir Abdulrahmanov bildirib.
O qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində son illərdə bir sıra layihələr həyata keçirilib.