Özbəkistanda səfərdə olan Azərbaycan media nümayəndələri Daşkənddə yerləşən Milli Uşaq Tibb Mərkəzində olublar.
APA-nın Özbəkistana ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan jurnalistləri mərkəzin fəaliyyəti, burada uşaqlara göstərilən yüksək texnologiyalı tibbi xidmətlər, müasir diaqnostika və müalicə imkanları ilə tanış olublar.
Səfər iştirakçılarına tibb müəssisəsinin strukturu, ixtisaslaşmış şöbələri və tətbiq olunan müasir tibbi texnologiyalar barədə məlumat verilib.
Milli Uşaq Tibb Mərkəzi Özbəkistanın ən müasir pediatrik tibb müəssisələrindən biridir. Mərkəzdə 280 çarpayı, 12 stasionar və 10 əlavə xidmət şöbəsi fəaliyyət göstərir.
Müəssisə 2024-cü ildə JCI beynəlxalq akkreditasiyasını əldə edən Özbəkistanın ilk dövlət tibb təşkilatı olub. (BMTM) Mərkəzdə kardiologiya və kardiocərrahiyyə, neyrocərrahiyyə, nevrologiya, uro-nefrologiya və digər istiqamətlər üzrə ixtisaslaşmış tibbi xidmətlər göstərilir. Müəssisənin məlumatına görə, burada ağır xəstə uşaqların müalicəsində qabaqcıl tibbi texnologiyalardan və minimal invaziv cərrahiyyə üsullarından istifadə olunur.
Azərbaycanlı jurnalistlərin mərkəzə səfəri çərçivəsində Özbəkistanda səhiyyə sahəsində həyata keçirilən layihələr və müasir tibb infrastrukturunun inkişafı barədə də məlumat əldə edilib.