Azərbaycan jurnalistləri Özbəkistana media turu çərçivəsində Səmərqəndin ən qədim və məşhur tarixi-memarlıq abidələrindən biri olan Şahi-Zində (Şah-i Zində) memorial kompleksini ziyarət ediblər.
APA-nın Özbəkistana ezam olunmuş müxbiri xəbər verir ki, media nümayəndələri kompleksin tarixi, memarlıq xüsusiyyətləri və burada yerləşən məqbərələrlə tanış olublar.
Jurnalistlərə bildirilib ki, “Şahi-Zində” adı “Yaşayan şah” mənasını verir. Kompleksin formalaşması XI əsrə gedib çıxır və əsrlər ərzində burada müxtəlif dövrlərə aid məqbərələr və dini tikililər inşa edilib.
Media nümayəndələrinə məlumat verilib ki, kompleksin əsas hissəsi bir-birinin ardınca yerləşən məqbərələrdən və dini tikililərdən ibarət memarlıq ansamblıdır. Burada Teymurilər dövrünün memarlıq və dekorativ sənət nümunələri xüsusilə diqqət çəkir.
Jurnalistlər məqbərələrin fasadlarında istifadə olunan mavi və firuzəyi rəngli kaşılar, mürəkkəb həndəsi naxışlar, kufi yazılar və zəngin ornamentlərlə tanış olublar. Bildirilib ki, Şahi-Zində kompleksi Orta Asiyada kaşı sənətinin ən qiymətli nümunələrinin qorunduğu məkanlardan biridir.
Kompleksdə İslam dünyasının müqəddəs məkanlarından biri hesab olunan Qusam ibn Abbasın məqbərəsi də yerləşir. İslam ənənəsinə görə, Məhəmməd peyğəmbərin əmisi oğlu Qusam ibn Abbas Səmərqəndə İslam dininin yayılmasına töhfə verən şəxslərdən biri olub.
Azərbaycan jurnalistləri kompleksin ərazisini gəzərək müxtəlif tarixi məqbərələr, günbəzlər, giriş portalı və dekorativ memarlıq elementləri ilə yaxından tanış olublar.
Qeyd olunub ki, Şahi-Zində Səmərqəndin tarixi-mədəni irsinin mühüm hissəsi olmaqla yanaşı, şəhərin əsas turizm məkanlarından biridir. Kompleks Səmərqəndin tarixi hissəsinin digər mühüm abidələri ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş “Səmərqənd – mədəniyyətlər kəsişməsi” irsinin tərkibində qorunur.
Media tur iştirakçılarına tarixi abidələrin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər barədə də məlumat verilib.