İsrailə media-tur çərçivəsində azərbaycanlı jurnalistlərin səfər etdiyi məkanlardan biri Qəzza zolağının yaxınlığında yerləşən Nahal Oz kibbutzu olub.
APA-nın İsrailə ezam olunmuş müxbiri xəbər verir ki, 1951-ci ildə yaradılan kibbutz 7 oktyabr 2023-cü ildə HAMAS-ın hücumu zamanı ciddi zərər görüb.
Hücum nəticəsində sakinlərin bir qismi həlak olub, bəziləri isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Səfər zamanı kibbutz sakinlərindən Oşrit Sabaq azərbaycanlı jurnalistlərə həmin gün baş verən hücum, eləcə də hazırda ərazidə aparılan bərpa işləri barədə məlumat verib.
“Bu hücum bizi qorxutmadı. Biz bir daha heç yerə köçməyəcəyik. Bura mənim evimdir”, – deyə o bildirib.
Oşrit Sabaq Qəzza ilə gələcək münasibətlərə də toxunub. Onun sözlərinə görə, Qəzzada yaşayan insanların 7 oktyabr hadisələrində iştirakı məsələsi mürəkkəbdir.
Sabaq bildirib ki, 7 oktyabrdan sonra Qəzzada yaşayan bəzi tanışları ilə əlaqə saxlamayıb və onların hazırkı vəziyyəti barədə məlumatı yoxdur. O, Qəzza sakinlərinin hamısının hücumları dəstəklədiyinə inanmadığını, lakin münasibətlərin əvvəlki vəziyyətə qayıdacağına da ümid etmədiyini deyib.
Media-turun növbəti dayanacağı 7 oktyabr 2023-cü il hadisələri zamanı hücuma məruz qalan Nova musiqi festivalının memorial ərazisi olub.
Jurnalistlərə festival zamanı insanların hücumdan xilas olmaq üçün ərazini tərk etməyə çalışması, müxtəlif istiqamətlərə qaçması, eləcə də hücum nəticəsində ölən və yaralananlar barədə məlumat verilib.
Səfər zamanı Nova festivalının iştirakçısı və hadisədən sağ çıxan Mazal Tazazo da xatirələrini azərbaycanlı jurnalistlərlə bölüşüb.
O bildirib ki, hücum başlayandan sonra dostları ilə birlikdə ərazidən uzaqlaşmağa çalışıb, daha sonra gizlənib. Tazazonun sözlərinə görə, hadisə zamanı işgəncəyə məruz qalıb, lakin sonradan ərazidən çıxaraq xilas ola bilib.
Qeyd edək ki, festivalda həmin vaxt təxminən 3 500–4 400 nəfərin iştirak etdiyi bildirilir. İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum zamanı festival ərazisində 364 nəfər öldürülüb.