İsraildə media-turda iştirak edən azərbaycanlı jurnalistlər beynəlxalq 24 saatlıq xəbər kanalı i24NEWS-in redaksiyasını ziyarət ediblər.
APA-nın İsrailə ezam olunmuş müxbiri xəbər verir ki, səfər zamanı jurnalistlərə telekanalın fəaliyyəti, xəbər istehsalı prosesi və beynəlxalq auditoriyaya yönəlmiş yayım siyasəti barədə məlumat verilib.
Bildirilib ki, i24NEWS beynəlxalq auditoriya üçün fəaliyyət göstərir və ingilis, fransız, ərəb və ivrit dillərində xəbər yayımı həyata keçirir.
Azərbaycanlı jurnalistlərlə görüşən i24NEWS-in sədri Frank Melloul kanalın yaranması və inkişafı, beynəlxalq media məkanındakı fəaliyyəti, eləcə də müxtəlif dillərdə xəbərlərin hazırlanması və auditoriyaya çatdırılması prinsiplərindən danışıb.
Görüş zamanı müasir media mühiti, beynəlxalq xəbərlərin hazırlanması və fərqli auditoriyalar üçün informasiya siyasətinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, i24NEWS 2013-cü ildə fəaliyyətə başlayıb və beynəlxalq xəbər kanalı kimi dünyanın müxtəlif regionlarında yayımlanır.