Azərbaycanlı jurnalistlər Qırğızıstana təşkil olunmuş mediatur çərçivəsində ölkənin Milli Teleradioyayım Korporasiyasını ziyarət ediblər.
APA-nın Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan media nümayəndələrinə ölkə ərazisində fəaliyyət göstərən milli telekanalları və radiostansiyaları birləşdirən dövlət korporasiyasının fəaliyyəti haqqında məlumat verilib.
Qonaqlar korporasiyanın texniki imkanları və televiziya proqramlarının istehsalının təşkili ilə tanış olublar.
Dövlət korporasiyasının Baş direktoru Ulan Satiyev Azərbaycanın media qurumları ilə əməkdaşlığa mühüm önəm verdiklərin vurğulayıb:
"2023-cü ildə hər il Şuşada keçirilən Media Forumu zamanı ARB 24 kanalı ilə imzaladığımız əməkdaşlıq haqqında memorandum bu istiqamətdə atdığımız ilk addım idi. Digər media qurumları ilə də əməkdaşlığımızı daha da inkişaf etdirməyə çalışırıq".
Ziyarət zamanı Qırğızıstanın incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil olundu Konsert zamanı Azərbaycan və qırğız mahnılarını mahnılar ifa olunub, həmçinin Azərbaycan milli rəqsləri nümayiş etdirilib.
Qeyd edək ki, yerli media qurumlarına səfər Azərbaycan media nümayəndələrinin Qırğızıstanın turizm, mədəniyyət və informasiya potensialı ilə tanış olmasına yönəlmiş mediatur proqramının bir hissəsidir.