Misir Mərdanov İsveçrəyə səfər edib

Misir Mərdanov İsveçrəyə səfər edib
# 11 dekabr 2012 08:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrəyə səfər edib. APA-nın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, ilk olaraq nazir Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı ilə görüşüb. Səfir İsveçrə-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı görülmüş işlərdən söhbət açıb, qeyd edib ki, İsveçrə ali məktəblərində 100-ə yaxın azərbaycanlı tələbə təhsil alır.

Səfər çərçivəsində nazir Lozanna Federal Politexnik Məktəbində, Qlion Ali Təhsil İnstitutunda Lüsern Mərkəzi İsveçrə Pedaqoji İnstitutunda, İsveçrənin Lüsern şəhərində yerləşən orta məktəbdə və Bern Universitetində olub. Görüşlər zamanı nazir universitetlərin nümayəndələrini Azərbaycan ali məktəbləri ilə tanış olmaq üçün ölkəmizə dəvət edib. Nazir bildirib ki, Azərbaycan universitetləri dünyanın qabaqcıl ali məktəbləri ilə əməkdaşlığa xüsusi maraq göstərir və müvafiq əlaqələrin genişləndirilməsini dəstəkləyir.

Daha sonra nazir İsveçrə Konfederasiyasının Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibi Mauro Del Ambroco ilə görüşüb. Dövlət katibi yaxın vaxtlarda nüfuzlu universitet rektorları, təhsil mütəxəssislərindən ibarət nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəklərini bildirib.

Dekabrın 8-də təhsil naziri Misir Mərdanov İsveçrə Konfederasiyasında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Cenevrə şəhərində keçirilən görüşdə İsveçrənin müxtəlif ali məktəblərində təhsil alan 30-dan çox azərbaycanlı tələbə iştirak edib.

Keçirilmiş bütün görüşlərdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR