Fövqəladə Hallar Nazirliyi ölümlə nəticələnən avtobus qəzası ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi ölümlə nəticələnən avtobus qəzası ilə bağlı məlumat yayıb
# 09 noyabr 2012 15:37 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhərinin Sabunçu rayonunda (Maştağa-Zabrat yolunda) “VAZ” markalı minik avtomobili və “DAEWOO” markalı sərnişin avtobusu toqquşub. Nəticədə “VAZ” markalı minik avtomobili deformasiyaya uğrayıb, avtomobildə olan və şəxsiyyətləri məlum olmayan 3 nəfər (2 kişi, 1 qadın) hadisə yerində ölüb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 15:20-də başa çatıb.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən son məlumata görə isə ölənlərin şəxsiyyəti hələ dəqiqləşməyib. Belə ki, ölənlərin heç birinin üzərində sənəd yoxdur, yaxınlarından isə gələn olmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR