Arif Hacılı: “İsa Qəmbər namizədliyini irəli sürməyəcəyini bəyan etməsi təəccüblü olardı”

Arif Hacılı: “İsa Qəmbər namizədliyini irəli sürməyəcəyini bəyan etməsi təəccüblü olardı”
# 21 noyabr 2012 13:07 (UTC +04:00)

Onun həm Azərbaycan Xalq Hərəkatı liderlərindən biri, həm Azərbaycanın ən nüfuzlu partiyasının – Müsavat Partiyasının bərpa işinin başında dayanan şəxs və başqanı, eyni zamanda cəmiyyətdə nüfuzu olan insan kimi prezidentliyə namizədliyinin irəli sürülməsini çox təbii qəbul edirəm”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, partiya başqanının müavini Arif Hacılı deyib. O, AXCP sədri Əli Kərimli və AXCP Ali Məclisinin sədri Həsən Kərimovun Müsavat başqanının namizədliyini irəli sürməsinə münasibətini belə şərh edib: “Əgər İsa Qəmbər namizədliyini irəli sürməyəcəyini bəyan etsəydi, bu, təəccüblü olardı. Onun açıqlamasında irad tutulacaq heç bir məqam yoxdur. Çünki o, İctimai Palatanın vahid namizədliyi barədə deyil, Azərbaycan prezidentliyinə namizədi olması barədə niyyətini bildirib. Düşünürəm ki, bu məsələ ilə bağlı irad bildirmək düzgün deyil”.

A. Hacılı İ. Qəmbərin açıqlamasında hansısa “tələskənlik” elementləri olması barədə deyilənlərin də düzgün olmadığını qeyd edib: “Çünki artıq prezident seçkisi ilinə daxil olmuşuq, seçkiyə təxminən 11 ay qalıb. Bir neçə aydan sonra prezident seçkiləri ərəfəsi dövrü başlayır. İndidən Azərbaycan cəmiyyətinə mesajlar verilməsi, hədəflər müəyyənləşdirilməsi tamamilə təbiidir”.

A. Hacılı Müsavat Partiyasının mətbuatda daha çox “Milyarderlər ittifaqı” kimi təqdim olunan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı ilə əməkdaşlığının mümkünlüyü barədə isə bunları deyib: “Moskvada yaradılan bu qurum daha çox ictimai təşkilat kimi fəaliyyət göstərəcəyini bəyan edib. Onlar daha çox Rusiyada yaşayan azərbaycanlıların problemləri ilə məşğul olacaqlarını bildiriblər, hələlik hansısa siyasi iddiaları ilə tanış deyiləm. Bu baxımdan, Müsavat Partiyası ilə bu qurum arasında hansısa siyasi müzakirələrin aparılmaması təbiidir. Ancaq seçki kampaniyası dövründə müxtəlif, hətta bəzən ən gözlənilməz koalisiyaların yaranması hallarının dəfələrlə şahidi olmuşuq. Bu baxımdan, həmin qurumla da müəyyən əməkdaşlığın olması nəzəri cəhətdən mümkündür. Ancaq praktik baxımdan bu istiqamətdə konkret addımlar atılmayıb. Müsavat Partiyası ilə bu qurum arasında o əməkdaşlıq istisna edilə bilər ki, bu təşkilat Azərbaycanın yox, başqa bir ölkənin – Rusiyanın mənafelərini ifadə etdiyini bəyan etsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR