Firəngiz Əlizadə: “Sədr postuna namizədliyimə Bəstəkarlar İttifaqının üzvləri qərar verəcək”

Firəngiz Əlizadə: “Sədr postuna namizədliyimə Bəstəkarlar İttifaqının üzvləri qərar verəcək”
# 14 dekabr 2012 15:11 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı-APA. “Nizamnaməmizə əsasən, bəstəkar özü ittifaq sədri vəzifəsinə namizədliyini irəli sürə bilməz. Onun namizədliyini bir başqası irəli sürməlidir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri postuna namizədliyimə üzvlər qərar verəcək. Seçkilərdə ən azı 2 namizəd iştirak etməlidir”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə ittifaqın IX qurultayına həsr olunmuş mətbuat konfransında deyib.

Konfransda Bəstəkarlar İttifaqının katibləri, xalq artistləri Ramiz Zöhrabov, Eldar Mansurov, eləcə də qonaqlar - Sankt-Peterburqda beynəlxalq musiqi festivalının bədii rəhbəri Aleksandr Yuliyeviç Rodviloviç, Ukrayna Mədəniyyət Nazirliyinin incəsənət şöbəsinin müdiri Mixail Boqdanoviç Şved, Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rüstəm Abdullayev iştirak ediblər.

Çıxışında IX qurultayın gündəliyindən söz açan F. Əlizadə, proqramın çox zəngin olacağaını deyib. Qurultayın proqramına əsasən yeni əsərlər salınıb: “Biz qurultayın zəngin olması üçün xüsusi proqram tərtib etmişik. Ümid edirik ki, sıx tərtib edilən proqramımız həm bizim, həm də qonaqlarımızın ürəyincə olacaq. Son beş il müddətində biz çox məhsuldar işləmişik. Son beş ildə görülən işlərdən bəhs edilən kitab dərc etdirmişik”.

F. Əlizadə dekabrın 18-dək davam edəcək qurultaya Gürcüstan, Özbəkistan, Türkiyə, Rusiya, Ukrayna, Tatarıstandan qonaqların dəvət olunduğunu xatırladıb. Bəstəkarlar İttifaqına yeni sədr seçkilərinin dekabrın 19-da keçirilməsi planlaşdırılır: “Son qurultayımızda müzakirələr çox qızğın oldu və o səbəbdən də ikinci gün təyin edildi. Bu səbəbdən də konkret vaxt deməyə çətinlik çəkirəm. Zalımız çox kiçik olduğundan sədr seçkilərin keçirilməsi üçün bizə daha böyük yer lazımdır. Hər halda düşünürük ki, seçkilərlə birgə bu iş dekabrın 20-dək yekunlaşacaq”.

Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqının IX qurultayının rəsmi açılışı bu gün Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR