Fikrət Yusifov: “Azərbaycanı dünya iqtisadi məkanında baş verən proseslərdən ayırmaq mümkün deyil”

Fikrət Yusifov: “Azərbaycanı dünya iqtisadi məkanında baş verən proseslərdən ayırmaq mümkün deyil”
# 03 aprel 2015 10:18 (UTC +04:00)

Bakı - APA-Economics. “Mərkəzi Bankın sədri Elman Rüstəmovun son açıqlamaları bəzi ekspertlər tərəfindən yanlış istiqamətdə şərh olunur və onun dedikləri qorxulu perspektivlərin anonsu kimi qələmə verilir. Bu, cəmiyyəti narahatlıq içində saxlamağa hesablanmış uğursuz cəhddir və bilavasitə siyasi maraqlara söykənir”.

APA-Economics”in məlumatına görə, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Mərkəzi Bankın sədri Elman Rüstəmovun son açıqlamasına verilən reaksiyalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bəzi təhlilçilərin siyasi marağı onlara real vəziyyəti obyektiv qiymətləndirməyə imkan vermir: “Məsələlərə bir qayda olaraq siyasi müstəvidən yanaşılır. “Ölkənin uçuruma aparıldığı etiraf edildi”, “Bir dollar 5 manata qədər bahalaşa bilər”, “Gələcəyi neftin rəngi kimi qara görünən iqtisadiyyat” və s. kimi sərlövhələr altında verilən təhlillərdə iqtisadı yanaşma demək olar ki yox dərəcəsindədir. Bir həqiqəti olduğu kimi qəbul etmək lazımdır: biz qloballaşan dünya iqtisadiyyatının bir parçasıyıq. Azərbaycanı dünya iqtisadi məkanında baş verən proseslərdən ayırmaq mümkün deyil. Bəli, dünya bazarlarında neftin qiymətləri aşağı düşməyə başladığı və qonşu ölkələrdə milli valyutaların məzənnəsi aşağı düşdüyü bir vaxtda Azərbaycan hökuməti bu proseslərə dərhal münasibət bildirmədi. Buna onun öz arqumentləri var idi. Heç kəs dünya bazarlarında neftin qiymətlərinin nə vaxta qədər və hansı həddə qədər ucuzlaşacağını söyləyə bilmədiyi bir halda hökumət mətbuatda edilən hay-küylü çağrışlara qoşulub özünün son on ildə götürdüyü yüksək templi inkişaf kursunu dəyişməyə borclu ola bilməzdi. Bu məsələdə hökumət doğru olaraq gözləmə mövqeyi tutdu. Neftin dünya bazarlarında 100 dollardan daha çox olduğu vaxtlarda qazanılan on milyardlarla dollar vəsaitinin bir neçə milyardının məzənnə tənzimlənməsinə xərcləməsi heç bir halda qəbahət sayıla bilməz. Bu, hər zaman sınaqdan çıxmış bir yoldur. Bütün bu proseslərdə bir mənfi hal kimi Mərkəzi Bankın yumşaq devalvasiya əvəzinə kəskin devalvasiyaya getməsini göstərmək olar. Biz də hesab edirik ki, manatın məzənnəsinin tədrici yumşalması prosesi keçən ilin ortalarından başlasaydı, bu, daha yaxşı olardı. Lakin hamıya aydın olmalıdır ki, manatın məzənnəsinin kəskin devalvasiyası əvvəlcədən planlaşdırılmamışdı. Bu, yaranmış fors-major vəziyyətdə atılan məcburi addım idi. Manatın devalvasiyası bir sıra qiymət artımlarına aparıb çıxarsa da sonda milli iqtisadiyyatın, onun qeyri-neft sektorunun inkişafına təkan verəcək bir addımdır”.

F. Yusifovun fikrincə Azərbaycan iqtisadiyyatının neftdən asılılığına 10-15 il ərzində son qoymaq mümkün deyildi: “20 ildən bir qədər artıqdır ki Azərbaycan öz müstəqilliyini bərpa edib. Demək olar ki, həmin vaxtdan da işğalçı Ermənistanla müharibə şəraitindədir. Belə bir ölkədə bu qədər qısa bir müddətdə Norveç, Hollandiya iqtisadiyyatı səviyyəsində bir iqtisadiyyatın qurula bilməməsini qəbahət hesab etməyin özü bir qəbahətdir. Unutmayaq ki, həmin ölkələrin bugünkü iqtisadiyyatı bir əsrə qədər zaman ərzində formalaşa bilmişdi. Bizim ölkədə isə müstəqilliyin ilk illərindən müharibə şəraiti hökm sürür və bu vəziyyətə uyğun olaraq orduya illərdir böyük vəsaitlər xərclənir. Amma buna baxmayaraq ölkə inkişaf edir və getdikcə dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri içərisində öz mövqeyini daha da möhkəmləndirir. Bunu görməmək mümkün deyil axı. Ölkəmizin son 10 ildən artıq vaxt ərzində əldə etdiyi uğurları, nəzərə almadan manatın məzənnəsi ilə bağlı məsələni ayrılıqda götürüb necə təhlil etmək olar? Azərbaycanda neftdən başqa heç nə yoxdur və onun qiymətlərinin aşağı düşməsi səbəbindən milli valyutanı gözdən salmağa cəhd etmək nə qədər ədalətlidir? Bəli, bu gün ixrac olunan malların tərkibində neftin xüsusi çəkisi böyükdür. Ancaq bu fəlakət deyil. Ən azı ona görə ki, ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı artıq illərdir dövlətin iqtisadi siyasətinin əsasını təşkil etməyə başlayıb. Ölkələrə artıq qeyri neft sektoruna aid minlərlə müəssisələr fəaliyyət göstərir. Onların istehsal etdikləri məhsulların rəqabət qabiliyyətliliyi getdikcə artır və deməli, perspektivdə bu məhsulların ixrac imkanları da artacaqdır.

Bir də heç kim unutmasın ki, neftin 1 barelinin qiyməti 16-18 dollar olduğu, illik inflyasiya 1600-1800%, valyuta ehtiyatları isə cüzi bir həcm təşkil etdiyi 2004-2005-ci illərdə Azərbaycan hökuməti milli valyutanın məzənnəsini tam sabitləşdirə və bu sabitliyi bu günlərə qədər gətirib çıxara bilmişdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR