Bəstəkarlar İttifaqında “Azərbaycanda uşaq musiqisi: problemlər və perspektivlər” adlı konfrans keçirilib

Bəstəkarlar İttifaqında “Azərbaycanda uşaq musiqisi: problemlər və perspektivlər” adlı konfrans keçirilib
# 11 dekabr 2012 13:48 (UTC +04:00)

Bakı. Ülkər Rəşdiqızı - APA. Dekabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda “Azərbaycanda uşaq musiqisi: problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib.

APA-nın xəbərinə görə, tədbiri açıq elan edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə bu konfransın qurultay öncəsi keçirilən son tədbir olduğunu qeyd edib. Daha sonra konfransın mövzusuna toxunan sədr bildirib ki, gələcəyimiz olan gənc nəslin musiqi zövqünün düzgün formalaşması üçün bu gün uşaq musiqisi bəstələyən bəstəkarlar öz yaradıcılıqlarına məsuliyyətlə yanaşmalıdırlar: «Tanınmış bəstəkarlar Azər Rzayev, Sevda İbrahimova, Azər Dadaşov, Rəna Qədimova uşaqlar üçün çox maraqlı əsərlər bəstələyiblər. Bu əsərlər uşaqların estetik tərbiyəsinin formalaşmasında böyük əhəmiyyət daşıyır».

Daha sonra çıxış edən sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva “Gənc nəslin musiqi-estetik tərbiyəsinə dair bəzi məsələlər”, pedaqoji elmlər doktoru, professor Minarə Dadaşova “Uşaqların musiqi-estetik tərbiyəsində kütləvi informasiya vasitələrinin təsiri və imkanları”, sənətşünaslıq doktoru, professor Ceyran Mahmudova “Uşaq mahnılarının təbliğində Azərbaycan televiziyasının rolu”, bəstəkar Rəna Qədimova “Azərbaycan bəstəkarlarının uşaq musiqisi və uşaq ifaçılığına bir nəzər”, Suraxanı rayonundakı 285 saylı məktəbin musiqi müəllimi Kəmalə Cabbarova “Məktəblilərin təlim-tərbiyəsində musiqinin estetik rolu” mövzusunda məruzələrlə çıxış ediblər.

Bəstəkar Azər Dadaşov piano üçün “Baqatel”, “Dəcəl dovşan» pyeslərini, Nərgiz Əliyeva fleytada Arzu Abbasovanın “Nağıllar aləmində” əsərini, BMA-nın I kurs magistr tələbələri Elmira Süleymanova, Rəfiqə Quluzadə bəstəkar Rəna Qədimovanın “2 piano üçün “Şur” ladında melodiya” və “Kiçik mahnı”sını ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR