İyulun 22-də Lənkəran İcra Hakimiyyətində milli mətbuatın yaranmasının 151-ci ildönümü münasibətilə tədbir keçirilib.
APA-nın cənub bürosunun xəbıərinə görə, tədbirdə çıxış edən Lənkəran İH başçısı Taleh Qaraşov yerli media nümayəndələrinin timsalında bütün media işçilərini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
İcra başçısı çıxışında bildirib ki, Azərbaycan mətbuatı keşməkeşli, qürurlu bir tarixi dövr keçib və bu gün müstəqil dövlətin ən güclü sütunlarından birinə çevrilib.
Taleh Qaraşov Lənkəranda fəaliyyət göstərən yerli jurnalistlərin işindən, onların peşəkarlığından razılıq duyduğunu, cənub bölgəsinin səsini, buradakı quruculuq işlərini, sosial-iqtisadi inkişafı və insanların uğurlarını operativ, eyni zamanda obyektiv şəkildə ölkəyə və dünyaya çatdırdıqlarını qeyd edib.
Tədbirdə çıxış edən media nümayəndələri qarşılıqlı əməkdaşlıqdan, peşəkar fəaliyyətləri üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.