Umayra Tağıyeva: “Azərbaycan ərazisində qeyri-sabit, soyuq və şaxtalı hava  dekabrın 18-dək davam edəcək”

Umayra Tağıyeva: “Azərbaycan ərazisində qeyri-sabit, soyuq və şaxtalı hava  dekabrın 18-dək davam edəcək”
# 14 dekabr 2012 10:21 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Dekabrın 13-ü axşam saatlarından başlayaraq Rusiyanın şərqindən hərəkət edən çox soyuq Sibir antisiklonu Azərbaycan ərazisinə yaxınlaşıb və ölkə ərazisində hava şəraitinin kəskin soyumasına səbəb olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, respublikanın əksər rayonlarında gecə saatlarında intensiv, bəzi yerlərdə isə güclü yağıntı qeydə alınıb: “Ağcabədidə düşən yağıntının miqdarı aylıq normadan 5 dəfəyədək çox olub. Neftçalada gün ərzində düşən yağntının miqdarı aylıq normaya bərabərdir. Salyanda, Qubada intensiv yağıntılar qeydə alınıb. Bakı və Abşeron yarımadasında səhər saat 08.00-10.00 radələrində nisbətən yüksək ərazilərində yağış sulu qarla qarışıq formada müşahidə olunub”.

U. Tağıyeva deyib ki, qar örtüyünün hündürlüyü Altıağacda 12 sm, Sarıbaşda 6 sm, Kişçayda 1 sm təşkil edib: “Ölkə ərazisində qeyri-sabit, soyuq və şaxtalı hava şəraiti dekabrın 18-dək davam edəcək. Bizim xəbərdarlıq qüvvəsindədir. Yaxın 3 gün ərzində yağıntılar sulu qar və qar şəklində qısa fasilələrlə müşahidə olunacaq. O cümlədən Bakı və Abşeron yarımadasında da yağışla qarışıq sulu qar müşahidə olunacaq. Dekabrın 16-sı axşam saatlarında, dekabrın 17-nə keçən gecə yağıntıların qar şəklində olacağı proqnozlaşdırılır”.

U. Tağıyevasnın sözlərinə görə, dekabrın 15-dən 16-na, dekabrın 16-dan 17-nə keçən gecə paytaxtda mənfi temperatur gözlənilir: “Həmin vaxtlarda paytaxtda temperatur 2 dərəcə şaxta təşkil edəcək. Gündüz saatlarında paytaxtda 1-3 dərəcə isti müşahidə olunacaq. Aran rayonlarında 2 dərəcə istidən 3 dərəcəyədək şaxta olacaq. Dağlıq ərazilərdə isə gecə 8-13 dərəcə, Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində isə 15-20 dərəcəyədək şaxta müşahidə olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR