Yaxın 3 ildə Sumqayıt, Bakı, Gəncə və Şəki üzrə mükəmməl kadastr yaradılacaq

Yaxın 3 ildə Sumqayıt, Bakı, Gəncə və Şəki üzrə mükəmməl kadastr yaradılacaq
# 06 dekabr 2012 15:31 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə Sumqayıt üzrə daşınmaz əmlaklar haqqında kadastr layihəsinin başa çatdırılmasına və «Azərbaycanda daşınmaz əmlakın idarə edilməsi üzrə təlim» (ATİT), Özəl İctimai Tərəfdaşlıq (PPP) layihələrinin ictimai təqdimatı keçirilib.


Komitədən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə qeyd edilib ki, əmlak münasibətlərinin inkişafına uyğun olaraq ölkədə daşınmaz əmlak idarəçiliyinin yeni mexanizmlər yaradılmaqdadır. Bu istiqamətdə Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı və kadastrı sisteminin daha da müasirləşdirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirir. Belə ki, müasir dünya təcrübələrinə əsaslanan yeni kadastr sistemi formalaşdırılır. Ölkədə daşınmaz əmlakın kadastrı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün normativ-hüquqi baza yaradılır, özəl kadastr mühəndisləri institutu formalaşdırılır, beynəlxalq əməkdaşlıq çərçivəsində kadastr sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilir, müxtəlif beynəlxalq layihələr həyata keçirilir, ölkəmizin kadastr sisteminə ən müasir texnika və texnologiyalar gətirilir.


Tədbirdə həmçinin bildirilib ki, Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına «Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi» Layihəsi müvəffəqiyyətlə başa çatıb. Bu layihənin nəticələrindən Sumqayıt şəhər İcra Hakimiyyəti, bələdiyyələr, vətəndaşlar müxtəlif məqsədlər üçün istifadə edəcək.


Sumqayıt şəhərinin elektron kadastr məlumat bazasında mülkiyyət növündən, bütün növ daşınmaz əmlak obyektlərini kadastr uçotuna almaqla şəhərin və bələdiyyələrin büdcələrinin formalaşdırılmasında xüsusi yükləri olan torpaq və əmlaka dair vergitutma bazasının genişləndirilməsinə xidmət edəcək, əmlak bazarını intensivləşdirəcək.


Sistem şəhərin əmlak idarəçiliyində də əvəzsiz rol oynayacaq. Belə ki, əmlak planlaşdırılması və əmlak idarəçiliyi üçün zəruri olan informasiyanın əsasını daşınmaz əmlakın kadastr məlumatları təşkil edir. İnfrastruktur layihələrinin həyata keçirilməsi və ya digər səbəblər üzündən daşınmaz əmlak obyektlərinin yenidən qurulması, təşkili, formalaşdırılması zamanı idarələrarası (sahələrarası) qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi kadastr məlumat bazası əsasında təmin ediləcək. Daşınmaz əmlak obyektləri üzərində dövlət, bələdiyyə nəzarətlərinin həyata keçirilməsi, daşınmaz əmlakın vəziyyəti və istifadəsi ilə bağlı monitorinqlərin aparılması, şəhərin, bələdiyyələrin ərazilərinin planlaşdırılmasına, funksional zonalaşdırılmasına, yaşayış məntəqələrinin inkişaf planlarına dair tədbirlər də daşınmaz əmlakın kadastrının dayanıqlı və davamlı məlumat bazasına istinadən həyata keçiriləcək.
Bu elektron kadastr bazasından əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sistemi bəhrələnəcək. Texniki məlumatların elektron şəkildə mövcudluğu mülkiyyət üzərində hüquqların qeydiyyatı sisteminin sadələşdirilməsinə şərait yaradacaq, daha çox sayda hüquqların dövlət tərəfindən tanınmasına və qorunmasına zəmanət verəcək.


Tədbirdə həmçinin qeyd olunub ki, Azərbaycanla Almaniya arasındakı «Maliyyə Əməkdaşlığı haqqında» Sazişə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Almaniyanın KfW bankı arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq Gəncədə və Şəkidə «Kadastr və daşınmaz əmlakın qeydiyyatı» Layihəsinin birinci fazasına dair işlər artıq yekunlaşdırılıb. Həmçinin «Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi» Layihəsinin icrasına da artıq başlanılıb.


Ümumiyyətlə, yaxın 3 il ərzində Sumqayıt, Bakı, Gəncə şəhərləri və Şəki rayonu üzrə mükəmməl kadastrın, ölkənin digər şəhər, rayon, qəsəbə və kəndləri üzrə isə sadə kadastrın yaradılması planlaşdırılır. Sonrakı illərdə mükəmməl kadastrın yaradılması işləri ölkənin bütün ərazisini əhatə edəcək.


Eyni zamanda hazırda komitə tərəfindən daşınmaz əmlak idarəçiliyi və qeydiyyatı sahəsində əhaliyə, fiziki və hüquqi şəxslərə beynəlxalq standartlara uyğun elektron xidmətlərin daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Gələcəkdə daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir neçə istiqamətdə elektron xidmətlərin tətbiqi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR