Quba hadisələrində təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb

Quba hadisələrində təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb
# 13 dekabr 2012 15:54 (UTC +04:00)

APA-nın şimal bürosunun xəbərinə görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Təqsirləndirilənlərdən Abdurəhmanov Fərhad Nəsib oğlu 5 il, Ələsgərov Səxavət Şakir oğlu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Digər şəxslər isə 3 il müddətinə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, bu il martın 1-də Quba şəhərində baş verən hadisələrə görə tutulanlardan Abdurəhmanov Fərhad Nəsib oğlu, Xanmədov Samir Valeh oğlu, Dənyalov Alxas Dənyal oğlu, Talıbov Samir Telman oğlu, Dadaşov Mətləb Valeh oğlu, Çobanov Sərvin Xanlar oğlu, Zakirov Murad Rüstəm oğlu və Ələsgərov Səxavət Şakir oğlu Cinayət Məcəlləsinin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda); 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə təqsirləndirilib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Dənyalov Alxas Dənyal oğlu və Talıbov Samir Telman oğlunun 6 il, Ələsgərov Səxavət Şakir oğluna 5 il 3 ay, qalan şəxslərin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR