Nikolay Bordyuja: “KTMT Dağlıq Qarabağ və İran ətrafında vəziyyəti izləyir”

Nikolay Bordyuja: “KTMT Dağlıq Qarabağ və İran ətrafında vəziyyəti izləyir”
# 15 noyabr 2012 12:07 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Dağlıq Qarabağ münaqişəni güc tətbiq etməklə həll etmək mümkün deyil. Biz hesab edirik ki, yalnız siyasi vasitələr bu ciddi problemi həll edə bilər”. APA-nın “İnterfax”a istinadən xəbərinə görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar münaqişənin həllinə gətirib çıxara bilməz: “Münaqişələrin həllində KTMT üzvü olan ölkələrin siyasi potensialı çox böyükdür. Vəziyyətə siyasi nöqteyi-nəzərdən təsir edə biləcək bütün vasitələr istifadə olunur. İkincisi, ATƏT-in Minsk Qrupu mövcuddur, Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının görüşləri keçirilir”.

KTMT baş katibi əlavə edib ki, onun təmsil etdiyi təşkilat Dağlıq Qarabağ münaqişəsinin həllində bilavasitə iştirak etmir, lakin KTMT bu problem ətrafındakı vəziyyəti izləyir: “İndiki mərhələdə hər hansı digər təşkilatın iştirakı qeyri-səmərəli olacaq və məsələni daha da mürəkkəbləşdirəcək”.

“Ermənistanla Azərbaycan arasında müharibə baş verəcəyi halda, təşkilata daxil olan ölkələr necə hərəkət edəcəklər?” sualına N.Bordyuja belə cavab verib: “Əgər müharibə olsa, əgər hücum olsa? Bu “əgər” məsələsi ortaya çıxanda, o zaman bu barədə danışacağıq”.

İran ətrafında vəziyyətə gəlincə, KTMT baş katibi bildirib ki, təşkilat bu ölkədə müharibə olacağını istisna etmir: “Təbii ki, biz bu məsələni Təhlükəsizlik Şurasının katibləri, xarici işlər nazirləri ilə müzakirə edirik. Ehtimallar isə prezidentlər səviyyəsində müzakirə olunur. Məsələn, əgər İrana zərbələr endirilsə, orada radioaktiv bulud yaranacaqmı və qaçqınların axını gözləniləcəkmi?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR