Qusarda Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfrans keçirilib.
APA-nın Şimal bürosu xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, media rəhbərləri, jurnalistlər, din xadimləri, ilahiyyatçılar və ekspertlər iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov milli-mənəvi dəyərlərin qorunması, dini tolerantlıq mühitinin möhkəmləndirilməsi və bu istiqamətdə medianın rolundan danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında ölkədə dini maarifləndirmə sahəsində həyata keçirilən layihələr barədə məlumat verib. O, "Hər məsciddə kitabxana" layihəsinin dini icmalar arasında maarifçiliyin gücləndirilməsinə xidmət etdiyini bildirib. Komitə sədri, həmçinin AMİN informasiya sisteminin dini sahədə xidmətlərin daha operativ və şəffaf təşkilinə imkan yaratdığını qeyd edib. Ramin Məmmədov "Azərbaycan – sülh və harmoniya məkanı" layihəsinin ölkənin tolerantlıq və multikulturalizm ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verdiyini də vurğulayıb.
APA TV-nin baş direktoru Orxan Məmmədli dini mövzuların mediada işıqlandırılmasının yüksək peşəkarlıq və məsuliyyət tələb etdiyini bildirib. O qeyd edib ki, APA Media Group Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak edir və milli-mənəvi dəyərlərin təbliğinə xüsusi önəm verir.
Baku TV-nin direktoru Ramin Cəfərov isə çıxışında Azərbaycanda din-media münasibətlərinin sağlam əsaslar üzərində inkişaf etdiyini bildirib. O vurğulayıb ki, dini mövzuların obyektiv, savadlı və manipulyasiyalardan uzaq formada təqdim olunması medianın əsas vəzifələrindən biridir.
Konfrans panel müzakirələri ilə davam edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən ilk panel "Rəqəmsal media və dini diskurs: informasiya manipulyasiyası və dezinformasiya" mövzusuna həsr olunub. Müzakirələrdə rəqəmsal platformalarda dini məzmunun təqdimatı, dezinformasiyanın yaratdığı risklər, sosial şəbəkələrdə dini mövzular ətrafında aparılan manipulyasiyalar, informasiya təhlükəsizliyi və media savadlılığının artırılması məsələləri müzakirə edilib.
İkinci panel BDU-nun Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini Vüqar Zifəroğlunun moderatorluğu ilə keçirilib. "Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti" mövzusunda təşkil olunan müzakirələrdə jurnalistlərin etik məsuliyyəti, dini savadlılığın artırılması, milli-mənəvi dəyərlərin qorunmasında medianın rolu və dini mövzuların balanslı, obyektiv təqdim edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov konfransda səsləndirilən fikir və təkliflərin media ilə dövlət qurumları arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib.
Qeyd edilib ki, konfrans çərçivəsində iyulun 17-də media nümayəndələri üçün Quba rayonundakı dini ibadət məkanlarını əhatə edən mediatur təşkil olunacaq. Proqram çərçivəsində iştirakçılar Quba "Cümə" məscidi, "Səkinəxanım" məscidi, Dağ Yəhudiləri Muzeyi və "Giləki" sinaqoqu ilə tanış olacaqlar.
15:35
İyulun 16-da Qusar şəhərində Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfrans keçirilir.
APA-nın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri, din xadimləri, ilahiyyatçılar və ekspertlər iştirak edirlər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Azərbaycanın tolerantlıq ənənələrini, sülh və birgəyaşayış dəyərlərini əks etdirən “Azərbaycan – sülh və harmoniya məkanı” videoçarxı nümayiş olunacaq.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi “Hər məsciddə kitabxana” layihəsi təqdim ediləcək.
Konfrans çərçivəsində “Rəqəmsal media və dini diskurs: informasiya manipulyasiyası və dezinformasiya” və “Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti” mövzularında iki panel iclası keçiriləcək.
Panel müzakirələrində dini mövzuların mediada peşəkar işıqlandırılması, informasiya təhlükəsizliyi, dezinformasiyanın yaratdığı risklər, dini savadlılığın artırılmasında medianın rolu, həssas mövzuların ictimaiyyətə düzgün çatdırılması və dövlət-media əməkdaşlığının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, tədbir iyulun 17-də Qubada yerləşən dini ibadətgahları əhatə edən mediaturla davam etdiriləcək. Mediatur çərçivəsində iştirakçılar Quba “Cümə” və “Səkinəxanım” məscidləri, “Dağ Yəhudiləri Muzeyi” və "Giləki" sinaqoqu ilə tanış olacaqlar.