“Xarici qüvvələr süni intellekti artıq daha yaxşı mənimsəyiblər. Türk dünyasında da süni intellektə xüsusi diqqət yetirməli və bu sahədə həmrəy olmalıyıq”.
APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir bu gün Bakıda keçirilən TDT Media Forumunun birinci panel sessiyasında deyib.
O bildirib ki, TDT-yə üzv dövlətlər eyni cəbhədə çıxış etsələr, bu, onların əsas üstünlüyü olacaq:
“Biz artıq Azərbaycanla birlikdə bu imkanlardan istifadə edirik. Beş il əvvəl 44 günlük müharibə Azərbaycan və Türkiyə arasında yeni bir platformanın, Azərbaycan-Türkiyə Birgə Media Platformasının yaranmasına səbəb oldu. Hazırda bu imkanların daha da təkmilləşdirilməsi istiqamətində işlər aparırıq. Bu platforma bütün türk dövlətləri üçün effektiv bir əməkdaşlıq mexanizminə çevrilə bilər. Türkiyə–Azərbaycan platforması çox yaxşı və işlək bir alətdir. Bu platformanın 100 faiz ideal şəkildə işləməsi çətin ola bilər, lakin digər ölkələri də bu platformaya cəlb etməliyik. Buraya Özbəkistan, Qazaxıstan və digər TDT-yə üzv olan ölkələr də qoşulmalıdır”.