Milli Məclisdə Pakistan parlamentinin nümayəndə heyəti ilə görüş olub

 Milli Məclisdə Pakistan parlamentinin nümayəndə heyəti ilə görüş olub
# 26 noyabr 2012 10:45 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlağa Hüseynov iki ölkə arasında qardaşlıq münasibətlərinin gündən-günə inkişaf etdiyini bildirib: “Sevindirici haldır ki, Pakistan parlamentinin hər iki palatasında Azərbaycanla dostluq qrupları mövcuddur”.

Fəzl Ur Rəhman isə qeyd edib ki, Pakistanla Azərbaycan arasında ticarətin həcmi hələlik iki ölkə arasında əlaqələrin səviyyəsini əks etdirmir. “İki ölkə arasında ticarət əlaqələrini genişləndirmək lazımdır. Həmçinin iki ölkənin parlamentləri arasında da qarşılıqlı səfərlərin intensiv xarakter alması zəruridir”.

Pakistanın Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirdiyini deyən Fəzl Ur Rəhman bildirib ki, ölkəsi Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub və Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistanı dövlət kimi tanımır.

Pakistanlı deputat həmçinin vurğulayıb ki, Pakistan Azərbaycan üçün müdafiə, dəmir yolu, bank, poçt və bir sıra digər sahələrdə təlimlər təşkil edə bilər.

İşçi qrupunun üzvü Eldar İbrahimov görüşdə bildirib ki, bu gün Pakistan və Azərbaycan eyni problemləri yaşayır: “Pakistan Dağlıq Qarabağ probleminin həllinə öz köməkliyini təklif edib, biz də hər zaman Pakistana öz dəstəyimizi göstərəcəyik. Pakistan hərbiçiləri açıq şəkildə deyirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində silah lazımdırsa, silah, canlı qüvvə lazımdırsa, canlı qüvvə verə bilərik”.

Görüşdə çıxış edən deputat Qənirə Paşayeva isə qeyd edib ki, Azərbaycanın qaçqın və məcburi köçkün problemini yalnız Pakistan anlaya bilər. O, Pakistanı bu məsələdə digər müsəlman dövlətlərə nümunə ola biləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR