“Azərbaycan” qəzeti bir sıra dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətini kəskin tənqid edib

“Azərbaycan” qəzeti bir sıra dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətini kəskin tənqid edib
# 14 noyabr 2012 15:07 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “Azərbaycan” qəzetində “Mətbuatdan gizlənən mətbuat xidmətləri” adlı geniş məqalə dərc edilib.

Məqalədə bildirilir ki, ölkə rəhbərliyi şəffaflığın qorunması, açıq cəmiyyətin qurulması sahəsində ciddi siyasi iradə, qətiyyət nümayiş etdirsə də, bəzi nazirlik və komitələr hələ də ictimaiyyət və KİV üçün maraq doğuracaq informasiyaları böyük xəsisliklə, səbəbi anlaşılmaz olan ehtiyatlılıqla cəmiyyətə açıqlayır: “Reallıq ilk növbədə onu göstərir ki, əksər strukturların mətbuat xidmətləri işlərini əsasən təmsilçisi olduqları qurumların fəaliyyətinə nəzərən qururlar. Başqa sözlə, fəaliyyəti ilə müsbət mənada fərqlənən, yeniliklərə can atan, islahatlara meylli olan, dövlət və xalq qarşısında məsuliyyətini dərk edən nazirlik, təşkilat və komitələrin mətbuat xidmətləri daha operativ, fəal, çevik olur, şəffaflığa üstünlük verirlər. Görülən işlər, reallaşdırılan layihələr barədə ictimaiyyətə məlumatların çatdırılması həm də informasiya sahiblərinə ictimai inam və etimadı artırır. Zamanın nəbzini tuta bilməyən, yeniliklərə mühafizəkar yanaşan, fəaliyyətində ciddi qüsurlara yol verənlərin isə cəmiyyət və media qarşısına çıxmağa, sadəcə, üzləri olmur. Belələri sadəlövhcəsinə "çıxış yolu"nu jurnalistlərin zənglərindən qaçmaqda, telefonlarını faksa qoşmaqda, verilən suallardan yayınmaqda görür, beləliklə, süründürməçiliyə yol verərək vətəndaşların, KİV-in informasiya əldə etmək hüququnu pozurlar”.

Məlumatda həmçinin bildirilir ki, bir sıra nazirlik və komitələrin, özəl qurumların mətbuat xidmətlərinin rəhbərlərini əksər vaxtlarda iş yerində tapmaq mümkün deyil: “Onlara ünvanlanan şifahi və yazılı sorğular qanunla müəyyən olunmuş vaxt ərzində cavablandırılmır! Bəzi hallarda isə həmin cavablar dolğun, dürüst, suala adekvat olmur! Nəticədə məlumat operativliyini itirir. Bu hallarla jurnalistlər ən çox kənd təsərrüfatı, maliyyə, gənclər və idman, səhiyyə nazirliklərinin mətbuat xidmətləri əməkdaşlarının fəaliyyətində rastlaşırlar. Onlar hətta elementar, sadə suallara belə cavab verə bilmirlər. Məsələn, son illər ölkədə nə qədər diaqnostika mərkəzlərinin, sağlamlıq ocaqlarının, yeni məktəblərin, olimpiya idman komplekslərinin tikildiyi, yaxud həkimlərin, tibb işçilərinin, müəllimlərin orta aylıq əmək haqları və s. barədə sorğulara dəqiqləşdirilmiş, doğru-dürüst cavab verməkdə acizdirlər. Hərçənd ki, bu faktlar hər zaman onların stollarının üstündə, əllərinin altında olmalıdır, müvafiq informasiya bazası yaradılmalı və həmin faktlar vaxtaşırı dəqiqləşdirilməlidir”.

Məqalədə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin fəaliyyəti də tənqid olunub: “Jurnalistlərin narazılıq etdiyi ünvanlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətidir. Bu xidmətin əməkdaşları müxbirin informasiya almaq hüququna məhəl qoymurlar, məlumatlardan xəbərsizdirlər, şöbələrdə telefonları götürən olmur. Rayon icra hakimiyyətlərində isə müraciətlərə məhdud dairədə cavab verilir, amma onun dərc olunması üçün öz rəhbərliklərinin icazəsini şərt kimi qoyurlar. Bu problem əksər dövlət qurumlarına, nazirlik, təşkilat və komitələrə də aiddir. Bunu informasiyanı gizlətmək, öz rəhbərliyinin mənfi planda görünməsinə müqavimət kimi də qiymətləndirmək olar. Belə təşkilatlar tənqid olunduqdan sonra onun əməkdaşları faktları inkar etməyə çalışırlar. Nəticədə həmin mətbuat xidmətləri informasiya verən deyil, informasiya axınının qarşısını alan qurumlara çevrilirlər. Onların işinin səmərəsi sıfıra bərabər olur.”

Məqalə müəllifinin həyata keçirdiyi sorğulara əsasən Nəqliyyat Nazirliyi, Bakı şəhəri Təhsil İdarəsi, "Azərsu" və "Azəriqaz" səhmdar cəmiyyətlərinin mətbuat xidmətlərinin suallara cavab verməyə vaxtları olmur: “Bu qurumlara edilən bütün zənglər cavabsız qalır. Güc nazirliklərindən və hüquq-mühafizə orqanlarından isə istədiyin məlumatla deyil, onların verdiyi informasiyalarla kifayətlənməlisən. Müdafiə Nazirliyinin hospitallarından, xəstəxanalarından yazmaq üçün belə onlara rəsmi şəkildə müraciət edilməli, icazə alınmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətləri çox istəyirlər ki, jurnalistlərə zəngin informasiya versinlər. Lakin əməkdaşların peşəkarlıq səviyyəsinin aşağı olması buna imkan vermir. Ona görə də mətbuat xidmətlərinin fəaliyyəti həm də bu qurumlara rəhbərlik edənlərin şəxsi idarəçilik keyfiyyətləri ilə bağlıdır desək, yəqin ki, yanılmarıq”.

Məqalədə əksər nazirliklərdən, eləcə də AMEA-nın institutlarından göndərilən yazıların aşağı səviyyədə, zəif, dəqiqləşdirilməmiş, hətta bəzən yanlış faktlardan ibarət olduğu bildirilir: “Eyni zamanda əksər dövlət və qeyri-dövlət qurumlarının saytlarında mətbuat xidmətlərinin, ictimaiyyətlə əlaqə şöbələrinin telefonları göstərilmir. Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Statistika Komitəsinin internet saytlarından mətbuat xidmətləri ilə əlaqə telefonlarını əldə etmək mümkün deyil. Bu günlərdə ölkə rəhbərinin sədrliyi ilə 2012-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclas keçirilsə də, hələ də əksər nazirliklərin və komitələrin internet saytlarında bu dövrdə görülmüş işlərlə bağlı hesabatlara rast gəlinmir. Diasporla İş üzrə Dövlət Komitəsi sonuncu dəfə 2011-ci ilin hesabatını 2012-ci ilin fevralında yerləşdirib. Elə nazirliklər var ki, saytlarında ən axırıncı hesabat 2010-cu ilə aiddir. Bu, bütün hallarda bəsitliyə səbəb olur. Əksər saytlar küçələrdə vurulan elanlara oxşayır. Onlar illərlə dəyişməz olaraq qalır. Halbuki sayt öz sahibinin fəaliyyətinin canlı güzgüsü olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR