Bank Of Baku

Tarix heç nəyi unutmur - Afaq Məsud

Xalq yazıçısı Afaq Məsud

© APA | Xalq yazıçısı Afaq Məsud

# 20 iyul 2026 17:06 (UTC +04:00)

Bəzi məsələlər var ki, onların gündəmə gətirilmə səbəbini, axtarılan çıxış və həll yollarının məna və mahiyyətini anlamaqdan ötrü predmetin alt qatında yatan mətləbləri bir qədər dərindən və ətraflı incələməyə ehtiyac yaranır. Son vaxtlar belə bir ehtiyacı disput və müzakirələrini ara-sıra “Youtube” kanallarından izlədiyim, qarmaqarışıq fikir atışmalarına, gah nala, gah mıxa vuran sürüşkən improvizələrinə, bəzən “tin söhbətləri” səviyyəsinə enən qeybətlərinə mat-məəttəl qaldığım bir qisim mühacir soydaşlarımızın, sanki Azərbaycanın şantajı üzərindən qurulmuş eybəcər təbliğat maşını yaradır...

Xalqının taleyinə uzaq sivil diyarlardan “acıyan”, məmləkətini “düşdüyü dərin və qaranlıq bataqlıqdan” çıxarmaqdan ötrü sosial şəbəkələri yağış sonrası göbələklər kimi bürüyüb ölkə gündəminin təhlilinə başlayan, gözlərinə sataşan irili-xırdalı əyər-əskiyi saf-çürük edib top atəşinə tuta-tuta, bir ucdan Avropa qatarlarının çevik hərəkət cədvəlindən, hamar maşın yollarından, pulsuz tramvaylarından, səxavətli müavinət və maaşlarından danışıb əcayib qalibiyyət şövqü ilə şellənən, yaxud narazı başlarını müdrik müəllim təbiri ilə yelləyə-yelləyə dərin düşüncələrə dalan bu “yanımlı qardaşlarımızın” içini yandıran əsil dərdlərinin nə olduğunu, ağız dolusu tərifləyib göylərə qaldırdıqları həmin o sivil məmləkətlərdə nədən rahat yaşaya bilmədiklərinin səbəbini anlamaqdan ötrü bütün bu mərəkəni bir qədər kənardan, yazıçı gözü və səbirlə müşahidə etmək gərək olur.

Ölkənin halını və əhvalını gizli casus izləməsi ilə güdə-güdə qırmaqlarına keçəni milli faciəyə çevirib uzun-uzadı təhlillər aparan, mövzuları bitəndə çoxmənalı, ironik təbəssümlərini, lağlağı və atmacalarını işə salıb kiminsə rənginin soluxma səbəbinə, gözlərinin altında kölgələnən şübhəli ləkələrin tədqiqinə girişən bu “iradtutma xəstələrini” dinlədikcə, bu adamların ümumiyyətlə “dövlət” deyilən mürəkkəb anlayışdan, onun məzmun və mahiyyətindən, nizamlanması heç də hər zaman ən mükəmməl proqram və planlamalarla, təxmin və hesablamalarla belə, elə də asan başa gəlməyən çətin mexanizmindən, qlobal dünya siyasətinin “yerüstü və yeraltı” axınlarının ona təsir və təzyiq imkanlarından, daha nələr və nələrdən nə qədər məlumatlı olub-olmadığı barədə dərindən düşünməli olursan.

İlk növbədə, ondan başlayaq ki, hər bir inkişaf etmiş, sivil dövlət kimi Azərbaycanın da, hər hansı qüsurların, nöqsan və çatışmazlıqların aradan qaldırılmasına yardımçı olacaq konstruktiv və sağlam müxalifətə ehtiyacı var. O müxalifətə ki, niyyəti, amalı - dövlətini aşağılayıb gözdən salmaq, beynəlxalq imicinə, nüfuzuna xələl yetirmək yox, onun siyasi-iqtisadi, sosial-mənəvi dayanıqlığının güclənməsi naminə sidq-ürəkdən çalışmaq, qüvvəsi və bacarığı müqabilində təklif və tövsiyələr verməkdir. O müxalifətə ki, şeytani heysiyyət və məntiqlə idarə olunan bu fırtınalı dünya dönəmində dörd bir yandan nəhəng ağızlarını açıb onu udmağa, büdrədib üzü üstə yıxmağa həvəsli siyasət “əjdahalarının” arasında baş çıxarıb, hərbi qüvvəsi və möhkəm sərhədləri ilə öz ayaqları üstündə sabit dayanan ölkəsini - “batmaqda olan məmləkət”, yaxın keçmişlərdə başına açılan müsibətlərə rəğmən, həyat və vətən sevgisini itirməyən doğma xalqını - “yaltaq məzlum kütlə” obrazında cəmiyyətə sırımaq kimi rəzil vərdişi yoxdur.

“Youtube” platformasından bəzən siyasi icmalçı, bəzən peşəkar politoloq obrazında çıxış edən bu “gündəm tədqiqatçılarını” dinlədikcə, bu özlərindən bədgüman adamların yaxın keçmişimizdə yaşananlarla bağlı yaddaş itkisinə, əcaib tarix unutqanlığına mat-məəttəl qalmamaq olmur. Zaman-aman bu unutqanlığın özünün də həqiqi, yoxsa saxta olduğu qaranlıq suallar doğurur.

Yəni göz yaşı və xiffət dolu utancla yola saldığımız ötən 30 ili necə, hansı yaddaşla unutmaq olar axı? Yaxud, “Qarabağ”, “itirilmiş torpaqlar” deyib dad eləyən, xaraba qalmış məzarlıqlarımızın, əsir qadınlarımızın halına acıyıb, Xocalı faciəsinə yas tutan bu “söz igidlərinin” öz doğma torpaqlarına qovuşan sadə insanları lağa qoyub ələ salmasını, yerə-göyə sığmayan sevinclərinə şəbədə qoşub, onlara bu bayramı yaşadan dövlət başçısına təşəkkür və minnətdarlığına “yaltaqlıq” donu geyindirə-geyindirə xalqın milli heysiyyətini alçaltmasını necə başa düşək?

Bu, nəyin unutqanlığıdır belə?.. Yəni hər ilin 20 yanvarında acı xatirələrlə anıb matəm tutduğumuz o qanlı-qadalı günlərimizi, kimsəsiz, köməksiz yetimlik halımızı, çıxış yolunu partbiletlərin yandırılmasında tapdığımız o miskin mənzərələri nə tez unutdunuz?

Bir igid ömrünə sığan o adam boğan, acı illəri - dağıdılıb xarabalıqlara çevrilmiş torpaqlarımıza uzaq, əlçatmaz vilayətlərə baxantək baxdığımız gücsüz iqtidarsızlığımızı, ürək ağrısı və xəcalətlə seyr etdiyimiz üzləri güllələnmiş abidələrimizi, donuz tövlələrinə çevrilmiş məscid və mədrəsələrimizi, ruhları hələ də qarlı Xocalı meşələrində dolaşan yaraşıqlı qız-gəlinlərimizin, körpə uşaqlarımızın intiqamını almağa nə gücümüzün, nə təpərimizin yetmədiyi o utanc və əskiklik dolu illəri necə unutmaq olar axı?

Hələ bir qədər də əvvələ qayıtsaq, “xalqımızı işıqlı gələcəyə aparan” Xalq Cəbhəsinin hakimiyyət dövrünü, başımıza açılan müsibətləri, ölkəni iflic halına salan tragikomik mənzərələri - aylarla işıqsız qalan qaranlıq küçələri, aclığı, səfaləti, benzin və işıq qıtlığından səkilərin kənarına çör-çöp kimi yığılıb hərəkətsiz qalan maşın və avtobusları, cərəyan xətləri sökülüb satılan donuq trolleybusları, tramvayları, gecədən sübhəcən çörək dükanlarının qabağında keşik çəkən uzun-uzun insan növbələrini nədən unutdunuz?

Siz unuda bilərsiz, lakin keçmişi hər zaman ibrət dərsi kimi qoruyub bizlər üçün saxlayan müdrik Tarix heç nəyi unutmur. Ən azı buna, həmin o zaman kəsiyini sənədli şəkildə əks etdirən və bu gün dünyanın bir çox dillərində və ölkələrində oxunan “Azadlıq” romanı imkan verməyəcək. Eləcə də bu gün bütün dünya xəritələrinə 35 il əvvəlki bütövləşmiş relyefində - üzü Şərqə qanad açan azad Göyərçintək həkk edilmiş güclü Azərbaycanı, çəkdiyiniz o əbəs əziyyətlərlə, qara şantaj və təbliğatla nə əskiltmək, nə ləkələmək, nə də danmaq mümkün olacaq.

Afaq Məsud

Xalq yazıçısı

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR