Azərbaycan XXXI İstanbul Beynəlxalq Kitab Sərgisində iştirak edib

Azərbaycan XXXI İstanbul Beynəlxalq Kitab Sərgisində iştirak edib
# 21 noyabr 2012 15:03 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyənin İstanbul şəhərində XXXI İstanbul Beynəlxalq Kitab Sərgisi keçirilib. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev, həmin şöbənin məsləhətçisi Faiq Xudanlı, AMEA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat İnstitutunun direktor əvəzi Teymur Kərimli, şair Əjdər Ol və II Respublika Muğam Festivalının qalibləri Aytən Məhərrəmova, Ədalət Behbudov və Pərviz Fərhadovdan ibarət muğam üçlüyü təmsil edib. APA-nın məlumatına görə, sərgidə Azərbaycanın mədəniyyətini, tarixini, ədəbiyyatını, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsini, kitab sənətini təmsil və təbliğ etmək məqsədilə böyük stend qurulub.

Sərginin açılışında Türkiyənin bir sıra dövlət nümayəndələri, o cümlədən Avropa Birliyinə məsul dövlət naziri Egemen Bağış, qardaş ölkənin bir çox tanınmış şəxsləri, yazarlar, elm adamları və digər xarici ölkə nümayəndələri Azərbaycanın ekspozisiyası ilə tanış olublar.

Daha sonra "Azərbaycan xəmsəsi - Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid. Türk dünyasının beş dahi söz ustadı" adlı elmi, ədəbi-bədii konfrans keçirilib. Tədbirdə Vaqif Quliyev, Teymur Kərimli, Əjdər Ol və Türk Ədəbiyyatı Vəqfi Yönətim Kurulu başkanı Sərvət Kabaklı çıxış ediblər. V.Quliyev çıxışı zamanı ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə bu il yubileyləri keçirilən şair-yazıçıların Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan kitablarını konfrans iştirakçılarına təqdim edib.


Çıxışlardan sonra Aytən Məhərrəmova, Ədalət Behbudov və Pərviz Fərhadovdan ibarət muğam üçlüyünün ifasında səslənən Azərbaycan musiqiləri konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. XXXI İstanbul Beynəlxalq Kitab Sərgisinin bağlanış mərasimi olub, Azərbaycan nümayəndə heyəti kitablarını Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR