Azərbaycanda ödəmə kartları ilə fırıldaqçılığa qarşı yeni tədbirlər planlaşdırılır

Azərbaycanda ödəmə kartları ilə fırıldaqçılığa qarşı yeni tədbirlər planlaşdırılır
# 20 noyabr 2012 10:28 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, plana əsasən, ödəniş kartları ilə fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə yeni texnologiyaların tətbiqi, bankların bu sahədə hüquq-mühafizə orqanları ilə əməkdaşlığının gücləndirilməsi, eləcə də elektron bankçılıq sahəsində beynəlxalq standartların tətbiqinin sürətləndirilməsi və s. tədbirlər nəzərdə tutulur.

Nəzərdə tutulan tədbirləri həyata keçirmək məqsədilə Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, aparıcı banklar, kart-prosessinq mərkəzlərinin mütəxəssislərindən, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət Kartlarla fırıldaqçılıq sahəsində risklərin idarə olunması üzrə İşçi Qrupu yaradılıb.

Artıq bu ilin iyulunda «Ödəniş kartlarının emissiyası və istifadəsi Qaydaları» qüvvəyə minib. Qaydalarda bildirilir ki, ödəmə kartlarının emitenti müvafiq proqram təminatı vasitəsilə kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində mütəmadi olaraq monitorinq həyata keçirməlidir.

Eyni zamanda, beynəlxalq təcrübə əsasında «Ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması üzrə Tövsiyələr» hazırlanaraq banklara göndərilib. Bu sənəddə banklara ödəniş kartları ilə aparılan əməliyyatların sutka ərzində monitorinqinin həyata keçirilməsi xidmətinin yaradılması, bu istiqamətdə digər banklarla, kart-prosessinq mərkəzləri və hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq edilməsi tövsiyə olunur.

Fırıldaqçılığa qarşı mübarizə metodlarından biri də ödəniş terminallarının və ödəniş kartlarının çip-texnologiyalarına tam keçidinin sürətləndirilməsi və maqnit zolaqlı kartların istifadəsinin tədricən məhdudlaşdırılması, kart infrastrukturunun təhlükəsizliyinin tədricən PCI DSS standartının tələblərinə uyğunlaşdırılmasıdır.

PCI DSS standartları ödəniş kartı sahiblərinin məlumatlarının məxfiliyinin təmin edilməsi məqsədilə özündə 12 minimal tələbi birləşdirir. İnternet üzərindən həyata keçirilən ödənişlərdə isə «3D secure» təhlükəsizlik texnologiyasının tətbiqinə keçid sürətləndiriləcək.

Fırıldaqçılıq hallarına qarşı mübarizə üsullarından biri də ödəniş terminallarının müasir texnologiyalarla təmin olunmasıdır. Bu tələblərə əsasən, məsələn, bankomatlarda xüsusi sensorların quraşdırılması nəzərdə tutulur. Bu sensorlar titrəyiş, istilik və s. təsirlərə qarşı həssas olmalıdır.

Bundan başqa, bankomatlarda kənar xarici qurğuların yerləşdirilməsini aşkarlayan və ya sıradan çıxaran, o cümlədən bankın təhlükəsizlik xidmətinə xəbərdarlıq siqnalı göndərən «antiskimming» qurğularının quraşdırılması da tələb olunur. Bu sahədə ən maraqlı yeniliklərdən biri bankomat vasitəsilə əməliyyatın aparılması zamanı kart istifadəçisinin eyniləşdirilməsi üçün biometrik məlumatlardan istifadə olacaq. Quraşdırılmış gizli kameraların və ətrafdakı şəxslərin kart sahibi tərəfindən daxil edilən PIN-kodu görə bilməməsi üçün PIN-padın üzərində xüsusi maneələrin (məsələn, düymələri yalnız istifadəçinin görə bilməsinə imkan verən tor) quraşdırılması da bu tələblər sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR