“Qadınlara qarşı zorakılığa “yox” deyək” layihəsi başa çatıb

“Qadınlara qarşı zorakılığa “yox” deyək” layihəsi başa çatıb
# 30 noyabr 2012 14:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Bu gün 16 günlük Fəallıq Kampaniyası çərçivəsində “Qadınlara qarşı zorakılığa “yox” deyək” layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçıqlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin İnkişaf Fondu (UNDP) və Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti ilə birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən AQUPDK-nin sədri Hicran Hüseynova bildirib ki, zorakılığın qarşısının alınması dedikdə, qadınlara öz bacarıqlarında istifadə etmələri üçün geniş imkanların yaradılması, qadınlar və kişilər arasında real bərabərliyə nail olunması nəzərdə tutulur: “Zorakılıq faktına görə hər birimiz məsuliyyət hiss etməliyik. Problemin uğurlu həlli üçün aparılan iş daha da gücləndirilməlidir. Bu istiqamətdə isə beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının rolu olduqca vacibdir”.

BMT-nin rezident əlaqələndiricisi Antonius Broek bildirib ki, zorakılıq hər bir cəmiyyətin iqtisadi, sosial inkişafına mənfi təsir göstərir. Onun sözlərinə görə, məsələnin tamamilə aradan qaldırılması mümkün olmasa da, hər bir cəmiyyət bu hallara qarşı mübarizə aparmalıdır: “Qadınlara qarşı zorakılığın aradan qaldırılması isə milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına müsbət təsir göstərir. Biz də BMT olaraq, hər kəsin bərabərhüquqlu olmasına çalışırıq”.

Tədbirin davamında çıxış edən Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev də məsələnin hüquqi baxımdan həll yollarına nəzər salıb.

Daha sonra Xan Şuşinski adına uşaq musiqi məktəbinin məcburi köçkün tələbələrindən ibarət “Qarabağ Bülbülləri” ansamblı muğam konserti ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR