Bakı. Musa Əhmədov – APA-Economics. “AccessBank” kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Maliyyə biliklərinin artırılması” mövzusunda təlim keçirib.
“APA-Economics”in məlumatına görə, təlim təcrübəli ekspertlər tərəfindən aparılıb.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Haçıyeva “Mikromaliyyələşdirmə. Mövcud problemlər, gələcək planlar” mövzusunda məruzə ilə çıxış edib. J. Hacıyeva mikromaliyyə təşkilatlarının yaranma tarixi, fəaliyyət istiqamətləri, göstərdiyi xidmətlər, kiçik biznesin inkişafında onların rolu barədə dinləyicilərə məlumat verib.
“AccessBank”ın təlim üzrə meneceri Zamiq Mədətovun məruzəsi “Təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin qiymətləndirilməsi” ilə bağlı olub. O, çıxışında bankların balans, eləcə də, mənfəət və zərər hesabatı, ümumiyyətlə bankların fəaliyyətinə toxunub. Daha sonra təlim iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, “AccessBank” artıq ikinci dəfədir ki, “Maliyyə biliklərinin artırılması” mövzusunda təlim keçirib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.