Azərbaycan növbəti Bosfor Sammitində iştirak edir

Azərbaycan növbəti Bosfor Sammitində iştirak edir
# 11 dekabr 2014 10:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İstanbulda Türkiyə İxracatçılar Məclisinin ev sahibliyi ilə “Sabahın dəyişən ssenarisi: mürəkkəbliyi dərk etmək və dialoqları inkişaf etdirmək” mövzusunda V Bosfor Sammiti öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sammitdə Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir. Zirvə toplantısının budəfəki iclasında 70 ölkəni təmsil edən dünya liderləri, yüksək rütbəli dövlət məmurları, dünyanın tanınmış investisiya şirkətləri və 100-dən artıq özəl şirkətin rəhbərləri qatılıb. Eyni zamanda, toplantıda şahzadə Məhəmməd Əl-Faysal Əl-Saud, Böyük Britaniyanın keçmiş maliyyə naziri Norman Lamont, Küveyt şahzadəsi Şeyx Farihah Əl-Ahmad Əl-Cabir Əl-Sabah, Pakistanın sabiq baş naziri Şaukat Əziz iştirak edirlər.

Sammitdə investisiya imkanlarının araşdırılması, yeni bazar prinsipləri, İslam bankçılığı və dünyada dinamik dəyişən cəmiyyətin digər problemləri kimi məsələlər ilə bağlı dəyirmi masalar təşkil edilib. Zirvə toplantısını Türkiyənin sabiq prezidenti Abdullah Gül açıb.

Daha sonra iclas işini dəyirmi masalar üzrə davam etdirib, “Son transformasiya mühitində Orta Asiya, Avropa və Şimali Afrikada inamlı və etimadlı iqtisadiyyatı necə qurmalı?”, “Qlobal ticarət və investisiya şəraitində paradiqm və yeni dinamika”, “İnfrastruktur layihələrinin maliyyələşdirilməsi”, “G20-Dayanıqlı gələcək üçün qərarlar platforması”, “Dayanıqlı gələcəyin maliyyələşdirilməsi və Dünya Bankının gələcəyi” mövzuları müzakirə olunub.

Bu mövzular çərçivəsində iqtisadi böhran, ölkələrin inkişaf strategiyası, maliyyə koordinasiya sistemləri, investisiya fondunun idarə olunması, ödəmə sistemlərinin mövcud vəziyyəti və perspektivləri, rəqabət mühitinin formalaşdırılması və böyük ölkələrin iqtisadiyyatı kimi məsələlərə aydınlıq gətirilib. Eyni zamanda, son zamanlar dünyada enerji resurslarının idarə olunması prinsipləri və neft, neft məhsullarının ixracatının planlaşdırılması aktual problemlər kimi qeyd olunub. Üçüncü ölkələrin iqtisadi problemləri, iqtisadi böhranlarla qarşılaşmaq məsələləri və bu istiqamətdə siyasətin formalaşması bu günün əsas idarəetmə problemlərinə səbəb olub. Dəyirmi masalar zamanı Dünya Bankının və mərkəzi bankların araşdırmaları, sosial layihələrin maliyyələşdirilməsi prinsipləri, iqtisadi böhran şəraitində bankçılıq siyasəti kimi mövzular da yer alıb. Qeyd edilib ki, dünyanın dinamik inkişafı ilə bərabər pul dövriyyəsinin daha da artması həmin regionda yeni siyasətin formalaşmasına gətirib çıxarıb.

Qlobal maliyyə idarəçiliyində və ticarət dövriyyəsinin artırılmasında risklərin azaldılması əsas meyarlar kimi məruzəçilərin müzakirə məsələsi olub.

Məruzələrdə qeyd edilib ki, pul transfer sistemləri, onun çevikliyi və iş prinsipi dünya iqtisadiyyatına böyük təsir imkanlarına malikdir. İqtisadiyyatda olduğu kimi keçən əsrin ödəmə sistemləri və pul köçürmələrinin surətləri ilə müqayisədə bugünkü sistemlərə qoyulan tələblər çox fərqlidir. Ticarətin ödəmə və pul köçürmə sistemlərindən asılılığını azaltmaq əsas məsələlərdən biri kimi qiymətləndirilib. Bu səbəbdən mərkəzi bankların fəallığı və onların kredit siyasəti əsas məsələlərdən biri kimi vurğulanıb. Qeyd edilib ki, mərkəzi banklar tərəfindən böyük layihələri dəstəkləmək, mərkəzi banklar arası əməkdaşlıq və qlobal regional layihələrin birgə dəstəklənməsi hökumətlərarası əməkdaşlığın möhkəmlənməsinin əsasını təşkil edir.

Xatırladaq ki, zirvə toplantısı dekabrın 12-dək davam edəcək. Zirvə toplantısının ilk iclası 21 ölkənin iştirakı ilə keçirilib və son 4 ildə daha 55 ölkə bu sammitin iclaslarına qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR