APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev deyib. Q. Cəbiyev bildirib ki, MDB ölkələri artıq rəqəmsal yayıma keçidlə bağlı hədəflərini elan ediblər: “MDB ölkələri 2015-ci ildə tam olaraq rəqəmsal yayıma keçəcəklər. Azərbaycanın televiziyalarının kadr və texniki potensialı imkan verir ki, biz MDB ölkələrindən daha tez rəqəmsal yayıma keçək”.
Q. Cəbiyev qeyd edib ki, Azərbaycanda analoq yayımı dayandırmadan, paralel olaraq rəqəmsal yayıma keçid nəzərdə tutulur: “Birdən-birə analoq yayımı dayandırmaq olmaz. Ona görə bu proses paralel şəkildə həyata keçirilir. Bizi hazırda düşündürən məsələ odur ki, əhalinin hamısında müasir televizor varmı? Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycanda 132 min aztəminatlı ailə var. Müdafiə Sənayesi Nazirliyinin rəqəmsal yayımı həyata keçirəcək televiziya cihazlarının qiyməti 40 ABŞ dollarıdır. Yəni 132 min ailənin həmin cihazla təmin etmək üçün 5 milyon 300 min manat vəsait lazımdır. Bu isə dövlətimiz üçün elə böyük vəsait deyil”.
MTRŞ-nin sədr müavini onu da vurğulayıb ki, həmin vəsaitin dövlət tərəfindən ödənilməsi ilə bağlı MTRŞ prezident İlham Əliyevə müraciət edib.
Qeyd edək ki, MTRŞ-nın keçirdiyi respublika ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə bağlı dəyirmi masada Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, ölkə ərazisində fəaliyyət göstərən teleradio yayımçılarının nümayəndələri də iştirak edib.