Bakı. Gülnar Bəşirova - APA. Bu il jurnalistika ixtisasının magistratura pilləsinə qəbulla bağlı yenilik olacaq.
Bu barədə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, həmin abituriyentlər artıq dünəndən daxil olaraq anket sorğusunu doldurmalıdırlar: “Hələ ki, magistratura imtahanın birinci mərhələsində iştirak etmiş heç bir bakalavr anket sorğusunu doldurmayıb. Ümid edirik ki, aprelin 10-dək bu prosesi həyata keçirəcəklər”.
E.Nağızadənin sözlərinə görə, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, aprelin 4-dən 10-dək TQDK-nın internet saytında müvafiq səhifədə (http://eservices.tqdk.gov.az/erizemag/) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq anket sorğusunu doldurmaqla qeydiyyatdan keçməlidirlər: “Anket sorğusunun bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anket sorğusunu doldurmaqla qeydiyyatdan keçən bakalavrlar TQDK tərəfindən elan edilən vaxtda “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edərək qabiliyyət imtahanında iştirak etməlidirlər”.
E.Nağızadə deyib ki, qabiliyyət imtahanından uğurla keçən bakalavrlar imtahanın ikinci mərhələsində 44 saylı jurnalistika proqramı üzrə imtahan verərək inşa (esse) yazırlar: “Bu mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər”.