Bakı. Mübariz Aslanov - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini mövzuda yazan jurnalistlər arasında müsabiqə elan edib.
Komitədən APA-ya verilən məlumata görə, müsabiqəyə yazılar fevralın 1-dən martın 10-dək qəbul olunacaq.
Müsabiqədə tarixən Azərbaycandakı tolerant dini mühit və bu mühitə səbəb olan faktorlardan faktlar əsasında analitik bir şəkildə bəhs edən məqalələr iştirak edə bilər. Bundan başqa, müasir dövrdə Azərbaycanda müxtəlif dinlərin və dini konfessiyaların nümayəndələrinin birlikdə yaşama məhdudiyyətini təhlil edən məqalələr də müsabiqə üçün qəbul olunacaq. Azərbaycanın bu sahədəki təcrübəsinin müasir dövrdə dinlərarası və məzhəblərarası əlaqəyə verə biləcəyi töhfələr barəsində məlumat verən məqalələr də bu qəbildəndir.
Mükafat olaraq I yerin qalibinə iPad, II yerin qalibinə mini iPad, III yerin qalibinə isə 300 manat pul mükafatı veriləcək. Müsabiqəyə qatılmaq üçün ərizələr elektron formada [email protected] ünvanına göndərilməlidir.