Bakı. Gülnar Bəşirova - APA. Bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin ölkəmizdə səfərdə olan nümayəndələri - qurumun baş tədqiqat əlaqələndiriciləri Zora Papova və Raul Karstosia, həmçinin layihə koordinatoru Tamari Bulia ilə görüşüb.
Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MŞ sədri qonaqlara təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı geniş məlumat verib.
Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin baş tədqiqat əlaqələndiricisi Z. Papova təmsil etdiyi qurumun ATƏT, Avropa Birliyi və Avropa Şurası ilə sıx əməkdaşlığa malik olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin nümayəndələrinin ölkəmizə yanvarın 26-dan 30-dək davam edən səfəri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xətti ilə reallaşdırılır.