Bakı - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) ilə birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd vətəndaşların əmək və sosial müdafiə hüquqlarının və bu hüquqların təminatı sahəsində aparılan işlərin KİV vasitəsilə cəmiyyətdə daha geniş təbliğinin dəstəklənməsi, əmək və sosial müdafiə sahəsi üzrə aktual mövzuların medianın gündəminə çıxarılmasına və həmin mövzularda jurnalist səriştəliliyinin artırılmasına şərait yaradılmasıdır.
Müsabiqə 28 fevral tarixdə başlayıb, 30 may tarixində başa çatacaq. Beş istiqamət üzrə keçirilən müsabiqədə qaliblər pul mükafatları ilə (I yer - 1000 manat, II yer - 700 manat, III yer - 500 manat, həvəsləndirici mükafat - 200 manat) mükafatlandırılacaqlar. Qaliblər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF-nin xüsusi diplomları ilə də təltif olunacaqlar.