Tiflis. Nizami Məmmədzadə - APA. Mayın 24-29-dək Gürcüstanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrində çalışan gürcü və azərbaycanlı jurnalistlər Azərbaycana səfər edəcək.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfər Beynəlxalq Avrasiya İnstitutu Birliyinin, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Milli Məclisin deputatı Qənirə Paşayevanın dəstəyi və Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə baş tutacaq. Məlumata görə, gürcü və azərbaycanlı jurnalistlər səfər çərçivəsində həyata keçiriləcək proqram marşrutu ilə tanış olublar. AMM-dən APA-ya bildirilib ki, “Azərbaycan Gürcüstan gənclərinin gözü” adlı layihənin həyata keçirilməsində əsas məqsəd Gürcüstan və Azərbaycan münasibətlərinin daha da inkişafında gəncliyin rolunu göstərməkdir. Məlumata görə, gürcü və azərbaycanlı gənclər cəbhə xəttinə yaxın bölgələrdə, o cümlədən Tərtər, Ağdam və Bərdə şəhərlərinə gedəcək, Tovuz , Gəncə və Bakı şəhərləri ilə tanış olacaqlar. Gürcüstanlı gənclər mayın 27-də Bakıda “Gürcüstan və Azərbaycan münasibətlərinin daha da inkişafında gəncliyin rolu” mövzusunda keçiriləcək konfransa qatılacaqlar. Sonra Gürcüstan gənclərinin Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüşü təşkil ediləcək. Mayın 28-də gənclər Azərbaycan televiziyasında təşkil olunacaq verilişdə iştirak edəcək, Sumqayıta, daha sonra Qubaya səfər edəcəklər. Daha sonra gənclər Azərbaycan Gənclər və İdman Nazirliyinin tədbirlərində iştirak edəcək və Bakının tarixi və görməli yerlərinə səyahət edəcəklər.
“Azərbaycan Gürcüstan gəncliyinin gözü ilə” layihəsi mayın 29-da sona çatacaq və həmin gün layihə iştirakçıları Gürcüstana qayıdacaqlar.
Qeyd edək ki, Azərbaycana səfər edəcək heyətə Gürcüstan İctimai Televiziyasında, digər telekanallarda, o cümlədən bölgə televiziyalarında, qəzetlərdə, saytlarda çalışan jurnalistlər, tələbələr daxildir.