Bunu APA-ya açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin aparıcı media nümayəndələri ilə görüşünə münasibət bildirən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə. Amaşov qeyd edib ki, prezident güclü dövlət olmağın atributlarından birinin də güclü mətbuat olduğunu xüsusi vurğulayıb: “Prezident çıxışında medianın cəmiyyətdəki bəzi neqativ hallarla bağlı, korrupsiyaya qarşı mübarizədə də rolunu yüksək qiymətləndirdi”.
Ə. Amaşov görüşü çox müsbət dəyərləndirib.
“Jurnalistlər seçdikləri dostla görüşdülər və səmimi şəraitdə kim nə düşünürdüsə, kim hansı problemin həllini vacib sayırdısa, açıq şəkildə dövlət başçısına çatdırdı. Dövlət başçısı da jurnalistlərin səsləndirdikləri fikirlərə münasibətini bildirdi, bəziləri barədə isə dərhal müvafiq tapşırıqlar verdi. Bu, çox müsbət haldır”. Bunu isə APA-ya açıqlamasında “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.
B. Sadıqov bildirib ki, ölkə başçısının toplantıdakı çıxışı xüsusilə yadda qalıb: “Professor Şirməmməd Hüseynovun dediyi kimi, dövlət başçısı jurnalistlərə prezident dərsi keçdi. Media-cəmiyyət, jurnalist-cəmiyyət münasibətləri, medianın daxili problemləri, qarşısında duran vəzifələr barədə fikirlərini ifadə etdi. Prezident mediada baş verən prosesləri izlədiyini bildirdi, mətbuatın inkişafı ilə bağlı arzularını çatdırdı”.
B. Sadıqov ölkə başçısı ilə görüşün çox faydalı olduğunu vurğulayıb və bu dostluğun davam edəcəyinə əminliyini ifadə edib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da APA-ya açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin mətbuatla keçirdiyi görüşü mətbuat tarixində hadisə adlandırıb. Onun sözlərinə görə, “Jurnalistlərin dostu” mükafatının prezidentə təqdim olunması, prezidentin nitqi göstərdi ki, Azərbaycan prezidenti mətbuatın təkcə dostu yox, həm də böyük hamisidir: “Cənab prezidentin fikrindən aydın oldu ki, Azərbaycan mətbuatının inkişaf istiqamətlərini, ictimai həyatda rolunu yüksək qiymətləndirir. O hətta qeyd etdi ki, demokratik cəmiyyətin qurulmasında mətbuatı əsas vasitə kimi görür. Söz və mətbuat azadlığını əsas amillərdən biri kimi dəyərləndirir. Bu da Azərbaycan mətbuatına verilən ən böyük qiymətdir”.
H. Babaoğlu hesab edir ki, prezidentin bu münasibəti Azərbaycan mətbuatının bundan sonrakı fəaliyyətini stimullaşdıracaq əsas prinsiplərdən biri kimi qəbul edilməlidir: “Prezidentin çıxışından bəlli oldu ki, Azərbaycan mətbuatının missiyasını onun funksiyasından daha böyük obrazda görür. O, çağırış edərək dedi ki, milli və dövlətçilik maraqlarında Azərbaycan mətbuatı həmrəy olmalıdır. Eyni zamanda cənab prezident mətbuatın dostu kimi medianın inkişafı ilə bağlı fikirlərini və tövsiyələrini də verdi”.
“APA Holding”in rəhbəri Vüsalə Mahirqızı isə prezidentin mətbuat nümayəndələri ilə görüşünün artıq ənənəyə çevrildiyini bildirib: “Prezidentlə jurnalistlər arasında bu görüş medianın inkişafına təkan verdi. Görüşdə bir çox problemlər qaldırıldı, dövlət başçısı həmin problemlərə dərhal reaksiya verdi, onların həlli istiqamətində göstərişləri oldu. Bu görüş həm də cəmiyyətdə mediaya diqqətin artmasına, məmurların da mətbuata daha açıq olmasına stimul verir”.
V. Mahirqızı bildirib ki, prezident Azərbaycan mediasının dövlətə qarşı aparılan “qara piar” kampaniyasına qarşı olan mövqeyini, Dağlıq Qarabağ problemi ilə bağlı yazdıqlarını dəstəkləyib: “Dövlət başçısı korrupsiyaya qarşı mübarizə, ölkədə aparılan islahatlar, sosial problemlərlə bağlı medianın yazdıqlarını dəstəklədiyini açıq bəyan elədi”.
“APA Holding”in rəhbəri görüşün jurnalistlər arasında çox müsbət qarşılandığını qeyd edib, gələcəkdə də bu cür görüşlərin olmasını arzuladıqlarını bildirib.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı APA-ya deyib ki, görüş normal və səmimi atmosferdə keçib: “Bu, Azərbaycan Prezidentinə “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimi idi, lakin görüşdə medianın bir çox problemi də qaldırıldı. Bu görüşün əhəmiyyəti həm də ondadır ki, Azərbaycanda peşəkar jurnalist kadrların hazırlanması istiqamətində təkliflər oldu və prezident bu təklifi məmnunluqla qarşıladı. Eyni zamanda qəzetlərin yayım problemindəki çətinliklərin aradan qaldırılması yönündə tapşırıqlar verdi. Bundan başqa, internet medianın inkişafı ilə bağlı arzularını bildirdi. Əsas məsələ odur ki, prezident Azərbaycan mətbuatının inkişafına çox həssas yanaşır, bu görüşdə biz bunun bir daha şahidi olduq”.
“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev isə APA-ya deyib ki, prezidentin media rəhbərləri ilə görüşü çox ciddi tarixi dönəmə təsadüf edir: “Prezident bu görüşdə mediaya böyük dəstəyini ifadə etdi, eyni zamanda ümummilli məsələlərdə medianın, bütövlükdə cəmiyyətin dəstəyini vacib saydı. Bu baxımdan, mən deyərdim, tarixi bir görüş idi”.
B. Həziyev deyib ki, prezident bu görüşdə həm də ölkənin bütün ictimai-siyasi qüvvələrinə çağırış edib: “Prezidentin çıxışında çox mühüm bir məqam vardı ki, Azərbaycanla bağlı məsələlərdə hakimiyyətdən fərqli siyasi baxışların daşıyıcıları bunu özləri üçün fürsət bilməsinlər, nə media, nə müxalifət, nə ictimai qurumlar Azərbaycana qarşı hücum kampaniyasının, informasiya müharibəsinin, siyasi savaşın alətinə çevrilməsinlər. Bütün məsələlər ölkə içində müzakirə və həll oluna bilər. Mən bunu mühüm və diqqət cəlb edən mesaj hesab edirəm”.
B. Həziyev gələcəkdə də bu cür görüşlərin və müzakirələrin olacağına ümidini ifadə edib.