Bank Of Baku

Mətbuat Şurası Hacı Mirəziz Seyidzadənin vəfatı ilə əlaqədar nekroloq yayıb

Mətbuat Şurası Hacı Mirəziz Seyidzadənin vəfatı ilə əlaqədar nekroloq yayıb
# 12 may 2014 11:34 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Mətbuat Şurası Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadənin vəfatı ilə əlaqədar nekroloq yayıb.

 

APA-nın məlumatına görə, nekroloqda Hacı Mirəziz Seyidzadənin Azərbaycanın böyük İslam alimi olduğu qeyd olunub: 

 

“Seyidzadə Mirəziz Mirəsgər oğlu 1949-cu il fevral ayının 14-də Masallı rayonunun Türkoba kəndində anadan olub. İslam dininin nəzəriyyəsi və tarixi ilə bağlı dəyərli araşdırmaların müəllifi olan M.Seyidzadə rəhbərlik etdiyi “Kəlam” jurnalında dinimizin fəzilətlərinin oxuculara çatdırılması işini yüksək peşəkarlıqla həyata keçirib. Jurnalda ən parlaq materialların, tədqiqat işlərinin, araşdırmaların əks olunmasına böyük önəm verib. Nəşrin bu baxımdan nümunə sayılması dəyərli qələm adamının yorulmaq bilməyən fəaliyyətinin, ideya zənginliyinin nəticəsiydi. Mirəziz Seyidzadənin həyatının mahiyyətini təşkil etmiş bu axtarışlar isə hələ ötən əsrin 70-ci illərindən başlamışdı. Həmin vaxtdan etibarən mətbuatda tərcümə materialları və elmi məqalələrlə çıxış etmişdi.

 

Həyatının müxtəlif illərində Astara və Masallıda “Cümə” məscidinin axundu vəzifəsində çalışmış Mirəziz Seyidzadə Bakı İslam Universitetinin müəllimi kimi gənc nəslin əqidəli vətəndaş olaraq yetişməsinə öz töhfəsini vermişdi. İslam dini ilə bağlı məsələlərə şərhləri, ifadə etdiyi baxışlar onun əsl ziyalı simasını formalaşdırmışdı. Bu keyfiyyətlərinə görə Mirəziz Seyidzadə təkcə ölkənin media ictimaiyyətinin deyil, bütövlükdə cəmiyyətin rəğbətini qazanmışdı.

 

Gözəl insan, qayğıkeş ata, dəyərli qələm sahibi Mirəziz Seyidzadənin yoxluğundan danışmaq çox çətindir. Onun vəfatı hamımız üçün böyük itkidir. Azərbaycan Mətbuat Şurası mərhumun doğmalarına və yaxınlarına başsağlığı verir, onların üzüntüsünü paylaşır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR