Bakı. Gülnar Bəşirova - APA. Mətbuat Şurasında Moldova Ombudsmanı Aureliya Qriqoriu ilə görüş keçirilib. APA-nın xəbərinə görə, xanım Qriqoriuya Azərbaycan Mətbuat Şuranın “Həqiqətə xidmətlərinə görə” mükafatı təqdim olunub.
Tədbirdə ilk çıxış edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə deyib ki, başqa bir ölkənin vətəndaşının Azərbaycan həqiqətlərini bu cür ifadə etməsi Azərbaycan üçün mühümdür. Azərbaycan Ombudsmanı Elmira Süleymanova isə çıxışında bildirib ki, Ermənistan işğalçılıq niyyətini hələ də davam etdirir. O, moldovalı Ombudsmana Azərbaycanla dostluq etdiyinə görə təşəkkürünü bildirib: “Ölkəmizi müdafiə etdiyinizə görə çox sağ olun. Unutmayın ki, biz də arxanızdayıq”.
Daha sonra qonağa “Həqiqətə xidmətlərinə görə” mükafatı təqdim olunub.
Toplantıda Moldova Ombudsmanı ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi arasında əməkdaşlıq Memorandumu imzalanıb.
Görüşdə MŞ İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimai xadimlər iştirak edib.