APA-nın məlumatına görə, iclasda açılış nitqi ilə çıxış edən Belarus informasiya nazirinin birinci müavini, forumun təşkilat komitəsinin sədri Liliya Ananiç bildirib ki, artıq 9 ildir ənənəvi olaraq keçirilən mediaforum hər il aktual məsələlərə həsr olunur.
Tədbir iştirakçılarının miqyasının ildən-ilə genişləndiyini deyən L.Ananiç budəfəki foruma 20-dən çox ölkədən nümayəndələrin qatıldığını qeyd edib. Mediaforumun əsas devizinin gələcək üçün tərəfdaşlıq olduğunu diqqətə çatdıran xanım Ananiç bildirib ki, bu kimi tədbirlər ölkələrin KİV-i, onların vasitəsilə isə xalqların yaxınlaşmasına xidmət edir, günümüzün reallıqlarının obyektiv işıqlandırılmasında mühüm rol oynayır.
Belarus baş nazirinin müavini Anatoli Tozik Belarus prezidenti Aleksandr Lukaşenkonun tədbir iştirakçılarına müraciətini oxuyub. Daha sonra o, 2014-cü ilin Belarusda “Qonaqpərvərlik ili” elan olunduğunu, il ərzində bir neçə beynəlxalq miqyaslı tədbirin, o cümlədən idman yarışlarının təşkil edildiyini bildirib. O, mediaforumun da bu silsilədən tədbir olduğunu qeyd edib, forumun tərəfdaşlıq üçün yeni-yeni imkanlar açacağına ümidvar olduğunu söyləyib.
Bu il mayın 29-da Astanada Avrasiya İqtisadi Birliyinin (AİB) yaradılmasına dair sazişin imzalandığını diqqətə çatdıran A.Tozik Belarus prezidenti A.Lukaşenkonun respublikalar arasında münasibətlərin və inteqrasiyanın güclənməsi baxımından bu addımı yüksək qiymətləndirdiyini xatırladıb. O, sazişi imzalayan Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də eyni mövqedə olduqlarını vurğulayıb. A.Tozik Ermənistan və Qırğızıstanın AİB-ə qoşulmasının birliyin fəaliyyətini daha da gücləndirəcəyinə əminliyini ifadə edib. Baş nazirin müavini xalqlar və ölkələr arasında tərəfdaşlığın və münasibətlərin qorunub saxlanmasında, daha da dərinləşməsində KİV-in rolunu da yüksək qiymətləndirib.
Daha sonra Müttəfiq Dövlətin dövlət katibi Qriqori Rapota, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun, Belarus Jurnalistlər İttifaqının sədri Anatoli Lemeşenok, Belarus Təhlükəsizlik Şurası dövlət katibinin müavini Stanislav Zas və digərləri çıxış edərək mediaforumun işinə uğurlar arzulayıblar.
Sonra tədbir “XXI əsrin çağırışları və təhlükələri. Münaqişələrin və müharibələrin qarşısının alınmasında beynəlxalq ictimaiyyətin rolu”, “Suverenlik və inteqrasiya. Avrasiya İqtisadi Birliyi yeni dünyanın qurulmasında platforma kimi” və “Qlobal kommunikasiyalar çoxqütblü dünya kontekstində” mövzusunda panellərlə davam etdirilib.
Qeyd edək ki, Belarus İnformasiya Nazirliyi, Müttəfiq Dövlətin Daimi Komitəsi, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Belarus Jurnalistlər İttifaqının təşkilatçılığı ilə keçirilən mediaforuma Belarus Xarici İşlər və Müdafiə nazirlikləri, Rusiya Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi, MDB İcraiyyə Komitəsi, Belarus Dövlət Universitetinin Jurnalistika İnstitutu, “Ecoom” Analitik Mərkəzi, Minsk Şəhər İcraiyyə Komitəsi və Minsk Vilayət İcraiyyə Komitəsi dəstək verir.
Tədbirdə APA İnformasiya Agentliyi də təmsil olunur.