Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu il Azərbaycanda fəaliyyətinin 20 illiyini qeyd edəcək Böyük Britaniyanın Oksfam Beynəlxalq Humanitar Təşkilatı (Oxfam GB) bir qrup media nümayəndəsi üçün ölkənin Aran rayonlarına 2 günlük infotur təşkil edib.
“APA-Economics”in məlumatına görə, infoturun məqsədi jurnalistləri Oksfamın Azərbaycanın Aran və Yuxarı Qarabağ iqtisadi rayonlarında həyata keçirdiyi layihələrin nəticələri ilə tanış etmək və hesabat vermək olub.
Belə ki, inforturdan öncə jurnalistlər üçün Bakıda məlumatlandırma sessiyası təşkil olunub və onları maraqlandıran sualları layihə heyəti cavablandırılıb.
İnfoturun birinci günündə mətbuat nümayəndələri Bərdə, Goranboy və Tərtər rayonlarında olublar. Onlar Goranboyun Qaradağlı və Tərtərin Seyidimli kəndlərində təşkilatın dəstəyi ilə həyata keçirilən çiyələk şitili yetişdirmə məntəqəsində və çiyələk əkin sahələri ilə tanış olublar. Həmçinin Bərdənin Soğanverdilər kəndində Oxfamın həyata keçirdiyi suvarma suyu, rayonun Körpüsındıran kəndində həyata keçirdiyi içməli su və bələdiyyələrin institusional və maliyyə potensialının artırılması layihələrinin, və Xanərəb kəndində Oksfamın maliyyə dəstəyi ilə tikilib istifadəyə verilmiş kənd təsərrüfatı bitkilərinin anbarına baxış keçiriblər.
İnfoturun ikinci günündə jurnalistlər Bərdənin Xəsili kəndində Oxfam və Aran təşkilatı tərəfindən tikilmiş tibb məntəqəsində olublar. Bundan başqa, rayonun Çələbilər kəndində içməli su infrastrukturu, bələdiyyələrin institusional və maliyyə səmərəliyinin artırılması və büdcə dinləmələri, səhiyyə məntəqəsi və kənd əhalisi ilə görüşlər keçiriblər.
Qeyd edək ki, Oksfam Böyük Britaniyanın beynəlxalq humanitar, qeyri-siyasi və qeyri-kommersiya təşkilatıdır. Təşkilat Azərbaycanda fəaliyyətinə Qarabağ müharibəsinin ilk illərindən başlayıb, qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın iztirabını yüngülləşdirmək üçün 20 mln. ABŞ dollarından artıq vəsait sərf edib. Hazırda Oxfam ölkədə kənd yerlərin inkişafı, fəlakət riskinin azaldılması, idarəetmə və qadınların iqtisadi liderliyi proqramları və gender proqramları çərçivəsində bir sıra layihələr həyata keçirir. Fəaliyyət göstərdiyi müddət ərzində Oksfam Azərbaycanda həyata keçirdiyi layihələrdə hər zaman dövlət proqramlarının qarşıya qoyduğu məqsədlərə istinad edib, dövlət strukturları ilə birgə ölkə üçün əhəmiyyət kəsb edən “2008-2015-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” və “Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsinə öz töhfəsini verib.