FİFA-nın İcraiyyə Komitəsinin sabiq üzvü futboldan ömürlük kənarlaşdırılıb

FİFA-nın İcraiyyə Komitəsinin sabiq üzvü futboldan ömürlük kənarlaşdırılıb
# 09 iyul 2015 12:27 (UTC +04:00)

Bakı – APA. FİFA İcraiyyə Komitəsinin sabiq üzvü, Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi Ölkələrinin Futbol Konfederasiyasının (KONKAKAF) keçmiş baş katibi Çak Bleyzer futbolla bağlı fəaliyyətlə məşğul olmaq hüququndan ömürlük məhrum edilib. Apasport.az xəbər verir ki, bunu beynəlxalq futbol qurumunun rəsmi saytı açıqlayıb.

Blayzerlə bağlı qərar FİFA-nın Etika Komitəsinin araşdırmalarına əsasən verilib. Qurum bu araşdırmalara KONKAKAF-ın məruzəsi və ABŞ Ədliyyə nazirliyinin təqdim etdiyi digər faktlara əsasən başlanılmışdı.

FİFA-nın dərc etdiyi məlumatda bunun səbəbi də açıqlanıb: “Bleyzer FİFA və KONKAKAF-da fəaliyyəti dövründə qanunsuz ödənişlərin, rüşvətlərin təklifi, alınması, həmçinin digər maliyyə fırıldaqları ilə bağlı sxemlərdə aparıcı fiqur olub”.

2013-cü ilin noyabrında baş tutan Bleyzerlə bağlı qapalı məhkəmə barədə məlumatlar iyunun əvvəlində üzə çıxıb. Həmin məhkəmədə özünü 10 məsələ üzrə günahkar hesab edən Bleyzer DÇ-1998-in meydan sahibliyinin Fransaya verilməsi zamanı rüşvətin alınmasında vasitəçiliyini etiraf etmişdi. Amerikalı özünün İcraiyyə Komitəsindəki həmkarları ilə birlikdə DÇ-2010-nun təşkilatçılıq hüququnun CAR-a verilməsi zamanı da afrikalılardan rüşvət almağa razılaşıb. Məhz onun istintaqa verdiyi məlumatlar FİFA-dakı korrupsiyanın üstünü açmağa kömək edib. Bunun da nəticəsində mayın 27-də İsveçrənin Sürix şəhərində qurumun rəhbər şəxslərinin bəziləri həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR