Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və FHN-nin yaradılmasının 10 illiyinə həsr edilmiş mini-futbol çempionat keçirilib

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və FHN-nin yaradılmasının 10 illiyinə həsr edilmiş mini-futbol çempionat keçirilib
# 09 may 2015 13:17 (UTC +04:00)

Bakı-APA. Mayın 4-9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında Heydər Əliyevin doğum gününə və FHN-NİN yaradılmasının 10 illiyinə həsr edilmiş mini-futbol üzrə çempionat keçirilib.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, çempionatda iştirak edən komandalar Heydər Əliyevin büstünü ziyarət edib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının stadionlarında təşkil edilən çempionatda 21 komanda iştirak edib.

Komandalar 4 qrupda mübarizə aparıb, hər qrupda 1 və 2-ci yeri tutan komandalar 1/4 finala vəsiqə qazanıb. Yarımfinalda Mülki müdafiə qoşunları (MMQ) Maddi-Texniki Təchizat İdarəsi (MTTİ) ilə, Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) isə Dövlət Yanğından Xilasetmə Xidmətinin (DYMX) komandası ilə qarşılaşıb. Bu oyunlarda MTTİ 3:2 hesabı ilə MMQ-yə, DYMX isə 2:1 hesabı ilə XRXX-yə qalib gəlib.

Finalda MTTİ 4:1 hesabı ilə DYMX-yə qalib gələrək çempion olub.

FHN-nin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun iştirakı ilə qaliblərə kubok, medal və diplomlar təqdim edilib.

Gərgin mübarizə şəraitində keçən yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Elçin Məmmədov, ən məhsuldar hücumçusu Elvin Şükürov, ən yaxşı qapıçısı isə Zahir Məmmədov olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR