Müsavat Məclisi partiya daxilindəki narazılara qarşı sərt mövqe nümayiş etdirib

Müsavat Məclisi partiya daxilindəki narazılara qarşı sərt mövqe nümayiş etdirib
# 27 oktyabr 2014 12:29 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyasının Məclisi bəyanat yayıb.

Partiyadan APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, sentyabrın 27-də Müsavat Partiyası qurultayını demokratik və şəffaf şəkildə keçirib.

Bəyanatda qurultaydakı seçkilərin nəticələrindən narazı qalanların iddiaları əsassız hesab edilib, üzvlərdən partiya rəhbərliyinə səslənən ittihamlara son qoymaq tələb olunub: “Səsvermənin nəticələrindən narazı qalan bəzi partiya üzvləri, eyni zamanda bəzi kənar qüvvələr qurultayda hər hansı pozuntu barədə faktlar ortaya qoya bilməsələr də, təəssüf ki, mətbuatda və sosial şəbəkələrdə seçkilərin ədalətli olmadığı haqqında əsassız iddialar irəli sürüb, qurultayın qərarlarını və seçkilərin nəticələrini şübhə altına almağa cəhd ediblər. Xüsusən oktyabrın 6-da Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən toplantıda həm əvvəlki, həm də yeni seçilmiş partiya rəhbərliyinin ünvanına bir sıra əsassız ittihamlar səsləndirilib. Müsavat Partiyasının Məclisi bu iddiaları partiyanın ali orqanı olan qurultayın qərarlarını sayğısızlıq və Müsavat Partiyası üzvlərinin iradəsi ilə hesablaşmamaq cəhdi kimi qiymətləndirir və bunun partiyanın Nizamnaməsinə və məramına uyğun olmayan hərəkətlər olduğunu bəyan edir. Müsavat Partiyasının Məclisi həmçinin qurultayda Məclisə üzv seçilmiş partiya üzvlərinin ünvanına deyilən aşağılayıcı fikirlərə qətiyyətlə etiraz edir, bu iddiaları irəli sürənlərdən belə fəaliyyətə son qoymağı tələb edir. Müsavat Partiyasının Məclisi bütün müsavatçıları və partiyanın səlahiyyətli orqanlarını təşkilat daxilində partiya maraqlarına cavab verməyən və üzvlər arasında narazılıq yaradan şəxslərə münasibətdə prinsipial mövqe nümayiş etdirməyə çağırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR